Adamlıq dinindəki ortaq psixologiya və davranış formaları

10- Adamlıq dinində ayrı-seçkilik

Adamlıq dininin ən mühüm xüsusiyyətlərindən biri insanları qiymətləndirmə tərzidir. Bu şeytani dində insanlar, əslində, zəngin və kasıb olaraq iki yerə ayrılırlar. Hər iki qrupda fərqli dünyagörüşü və  fərqli davranış tərzləri hakimdir. Zəngin və kasıb insanlara qarşı göstərilən münasibətin fərqliliyi dünyanın demək olar  ki, hər yerində eynidir. Amerikalı da bu batil dinin gərəyi olaraq bu cür davranır, rus da, fransız da…

Xülasə olaraq bu münasibət fərqliliyini bu şəkildə sıralaya bilərik:

  1. Özlərindən daha varlı adamlara qarşı cahiliyyə cəmiyyətinin insanları incə və mülayim səs tonu ilə və mümkün olduğu qədər nəzakətli şəkildə danışırlar. Kasıb insana qarşı isə səs tonu təbiiləşir, adamın əsl səsi necədirsə, elə danışmağa başlayır. Danışıq üslubu kobudlaşır, nəzakətli danışığa ehtiyac hiss edilmir. İzah ediləcək mövzu son dərəcə dəqiq və ən qısa şəkildə izah edilir. İş yerində müdirlə danışarkən istifadə edilən səs tonu və iş yerinin çayçısı ilə danışılan üslub arasındakı fərqlilik bu mövzuya açıq nümunədir. Müdirdən mənfəət ehtimalı olduğu üçün işçilər ona dəyər verdiklərini hiss etdirmək məqsədilə mümkün olduğu qədər nəzakətli, təvazökar və hörmətli səs tonundan və üslubdan istifadə edirlər. Ancaq çayçıdan bir mənfəət gözləmədikləri üçün danışarkən ona dəyər verməyən  üslubu seçirlər.

  2. Varlı birisi gəldikdə hərəkətlər tələm-tələsik və etinalı olur. Hər şeyin istədiyi kimi olması, hər arzusunun yerinə yetirilməsi, xoşuna gəlməyəcək bir halın baş verməməsi üçün hamı təlaşa düşür. Kasıb  gəldikdə isə heç kim onun varlığına diqqət yetirmir. Son dərəcə sakit və laqeyd davranırlar. Varlı biri içəri daxil olduqda ayağa qalxır, geyimlərini düzəldir, oturuşuqlarına fikir verirlər. Kasıb biri gəldikdə isə ayağa qalxmır, hətta ona baxmırlar.

  3. Zənginə: “Siz”, - deyə xitab edilir. Kasıb adama isə:  “Sən”, - deyirlər. Məsələn, satıcı alış-verişə gələn zəngin müştəriyə mütləq: “Nə arzu edirsiniz”, -deyib nəzakətlə  qarşılayır. Ancaq  içəri girən müştərinin kasıb olduğunu anlayarsa “nə istəyirsən” kimi alçaldıcı ifadə işlədir.

  4. Zənginə qarşı xüsusi hörmət göstərilir. Zəngin adamın yaşı kiçik olsa belə, ona bir böyüyə göstərilən hörmət göstərilir. Hətta yaşca kiçik olan insanların belə əli öpülür, qalxıb yer verilir. Kasıba isə yaşca böyük olsa belə, uşaq kimi davranılır. “Nə edirsən”, “Nə istəyirsən, de görək” kimi uşaqlara qarşı istifadə edilən ifadələrlə xitab edilir.

Adamlıq dininin insanlara qarşı ayrı-seçkiliyi və bu düşüncənin insanların davranışlarına necə əks olunduğu hər hansı bir mağazaya girdikdə belə açıq şəkildə görünür. Bir mağazaya varlı və məşhur bir müştərinin girdiyini düşünək. Bu müştəri qapıdan içəri girər-girməz bütün işçilərin diqqəti ona yönəlir. Gülər üzlə salamlayıb nə istədiyini soruşurlar. Almaq istədiklərini bir və ya bir neçə satıcı tez gətirib önünə qoyur. O, hələ birinə baxıb qurtarmadan başqasını  gətirirlər. Satıcıların üzündə təbəssüm və nəzakət görünür. Həmin müştərinin yanında uşaq varsa, o uşağa xoş sözlər deyərlər. Sevimli və gözəl uşaq olduğunu ifadə edərlər. Uşaq nadinc və dəcəl olsa belə, hər hərəkəti  nəzakətlə qarşılanır. Uşaq mağazada nəyə isə toxunub qırarsa, ona əhəmiyyət verməzlər .

İndi də həmin mağazaya kasıb bir müştərinin girdiyini düşünək. Geyim və hərəkətlərindən maddi imkanı olmadığı məlum olduqda onunla mağazada heç kim maraqlanmır. Bir şey soruşmadıqca  ona tərəf baxan olmur. Satılan mallara baxmaq isstəyərkən son dərəcə laqeyd və ağır hərəkətlərlə istədiyini göstərirlər. Satıcı başqa malları göstərməyə çalışmır. Həmçinin müştərinin istəklərini yerinə yetirərkən üzündə  laqeyd və narazı ifadə olur. Müştərinin   mağazadan tez çıxmasını istədiyi üçün bir tərəfdən istədiklərini verir, bir tərəfdən də çölə baxır və ya dükandakı başqa birisi ilə söhbət edir. Müştəriyə heç dəyər vermədiyini  biruzə etmək üçün yanındakı adamla söhbətinə davam edir. Müştəri uşaqlı olarsa və uşaq nadinclik edərsə, əsəbi şəkildə uşağına diqqət etməsini  söyləyir.

Bu nümunə adamlıq dininin insanlara necə fərq qoyduğunu göstərir. Çünki buradakı məntiqi və davranış tərzini kassirdə, xidmətçidə, dərzidə, baqqalda görmək mümkündür. Dünyanın harasına gedirsinizsə gedin, buna bənzər hərəkətlərin din əxlaqından uzaq yaşayan insanlara hakim olduğunu görərsiniz.

Adamlıq dinində birinə hörmət və diqqət göstərmək üçün o adamın müəyyən maddi gücə sahib olması əsasdır. Sərvəti artdıqca adamlıq dininə mənsub olan insanların o adama qarşı hiss etdiyi  heyranlıq da ona müvafiq olaraq artır. Məsələn, restorana getdiyinizdə zənginliyi ilə tanınan bir müştəriyə qarşı böyük diqqət göstərildiyini görərsiniz. Hətta əgər ölkənin ən məşhur zənginlərindən biridirsə, böyük ehtimalla pul alınmır. Onun bu restorana gəlməsi şərəf olaraq qəbul edilir və heç bir şəkildə ödəniş etməməsi tələb edilir. Halbuki, kasıb müştərinin hesabı ödəyəcək qədər pulu olmasa, bu, böyük  hay-küyə səbəb olur. Pulu çatmadığı üçün danlanır, alçaldılır və oradan qovulur. Yəni zəngin olandan pul istənmədiyi halda, kasıb olanın hesabını qəpiyinə qədər ödəməsini tələb edirlər.

Bu iki insan arasındakı yeganə fərq zənginlikdir. Burada göstərilən hörmət və diqqət də, əslində, zəngin olan şəxsin şəxsiyyətinə və əxlaqına deyil, yalnız pulunadır. Və bu da adamlıq dininin çirkinliklərindən biridir.

İslam dinində isə insanlar yalnız əxlaqlarına görə qiymətləndirilir. Kasıb, amma gözəl əxlaqlı olan insan, zəngin, amma Allah`ın əmrlərinə qarşı çıxan birindən qat-qat daha üstündür. Bu səbəblə, İslam dinində qətiyyən ayrı-seçkilik  yoxdur. Zənginliyin, etibarın, gücün deyil, gözəl əxlaqın əsas olduğu anlayış vardır. Allah bir ayəsində belə buyurur:

Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında  əmin-amanlıq içində yaşayacaqlar. (Səba surəsi, 37)

Mövzunun ardına keçid >>