Adamlıq dinindəki ortaq psixologiya və davranış formaları

13- Yaltaqlıq və ya əlaltılıq

Adamlıq dininin çirkin insan xüsusiyyətlərindən biri də yaltaqlıq, digər mənada əlaltılıqdır. Əlaltı olan adamların əsas xüsusiyyəti, əslində, zəngin olmadıqları halda zəngin kimi yaşamaları,  imkanları olmadığı halda bahalı paltarlar geymələri, lüks evlərdə yaşamaları və ailələri maddi cəhətdən çətin vəziyyətdə olduğu halda özlərinin zəngin mühitdə yaşamalarıdır. Əlaltılar bu imkanlara özlərinə hədəf seçdikləri şəxslərin dalınca gəzib sahib olurlar. Özlərinə dost seçdikləri bu insanın pulundan, çevrəsindən, evindən, avtomobilindən və sahib olduğu hər cür imkandan faydalanaraq yaşayırlar. Bunun qarşılığında isə əlaltısı olduqları insanın hər işini görmək, onu tərifləmək, nəfsini razı etmək, özünə olan etibarını möhkəmlətmək kimi vəzifələri vardır.

Əgər ətrafınıza diqqətlə baxsanız, cəmiyyət içində demək olar ki, hər zəngin və ya məşhur birisinin yanında bir əlaltıya rast gələrsiniz. Əslində, hər ikisinin də eyni  geyinib eyni üslubda danışmalarına baxmayaraq, hansının əlaltı olduğunu dərhal ayırd edə bilərsiniz. Çünki əlaltılar, ümumiyyətlə, alçaldılan, danlanan, xidmət edən, qarşı tərəfi tərifləyən, danışıqlarını təsdiqləyən adamdır. Digəri isə təriflənən, istəkləri yerinə yetirilən, sözləri təsdiq edilən və alçaldan tərəfdir.

Əlaltının ən böyük vəzifəsi yanındakını əyləndirmək, özünə olan etibarını artırmaqdır. Özünü çirkin hiss etdiyi zamanlarda onu gözəl olduğuna inandırmaq, zarafat etdiyində gülmək, dərdlərini dinləmək, ona çarələr tapmaq və ya heç kimin hörmət etmədiyi bu insana hörmət göstərib onu məmnun etməkdir.

Bu səbəblə, bu iki adam günün hər saatını birlikdə keçirirlər. Hər yerə birlikdə gedir, alış-verişə birlikdə çıxır, saç ustasına, əyləncə yerlərinə birlikdə gedir, evdə birlikdə yaşayırlar. Belələri alış-verişdə əlaltısı olduqları adamın paltar seçməsini gözləyir, geyinməyinə kömək edir, çantasını saxlayır, zənglərə cavab verir, paltarların hansının yaraşdığını söyləyir və istəklərinin hamısını yerinə yetirirlər. Paltarları alan adam da özündən  sonra əlaltısına da bir neçə dəst paltar alıb ona etdiyi xidmətlərin qarşılığını verir. Ümumiyyətlə, yeməyə, saç ustasına və ya bir əyləncə mərkəzinə getdikdə varlı olan tərəf mütləq əlaltısının pulunu da ödəyir.

Əlaltıların başqa bir xüsusiyyəti öz evlərində deyil, ümumiyyətlə, əlaltısı olduqları adamların evində qalmalarıdır. Bu evin imkanlarından istifadə edir, paltarlarını buradan götürüb geyinir, yeməklərini bu evdə yeyir, bu evin xidmətçilərini özünə xidmət etdirirlər. Ancaq bunları edə bilmək üçün yoldaşının ata-anasına kompliment deyir, çox səmimi davranır. Həqiqətən də, ata və ana uşaqlarının xatirinə və tək qalmaması üçün bu adamı evdən biri kimi qəbul edir və bu vəziyyəti qəbul edərək ona baxmağa başlayırlar. Bundan da narahatlıq hiss etmirlər, çünki əlaltının ən qabiliyyətli olduğu mövzulardan biri insanları bağlama xüsusiyyətidir. Əlaltı mənfəətləri üçün hər cildə girə bilən adamdır. Kim hansı üslubu bəyənirsə, tez ona əl atır. Özünə aid mənliyi yoxdur. Bu çirkin əxlaqı daşıyanlar, ümumiyyətlə, şərəfsiz olduqları üçün mənfəətlərinin istiqamətinə görə  xüsusiyyətlərini dərhal dəyişdirə bilirlər.

Mövzunun ardına keçid >>