7- Yeni fikirlərə və tənqidə qarşı olmaq
Adamlıq dinini yaşayan insan xarakter və əxlaqi cəhətdən heç vaxt müsbət dəyişiklik əldə edə bilmir. Çünki adamlıq dinində tənqidə və yeni fikirlərə qəti qadağan qoyulmuşdur. İnsanın özündən böyük, zəngin, mədəni, vəzifəli və təcrübəli birini tənqid etməsi və ya ona yeni fikirlər söyləməsi demək olar ki, qeyri-mümkündür. Hətta adamlıq dinində bu haqda o qədər sərt qaydalar vardır ki, 20-30 illik dostluqlar bir tənqid səbəbindən bir anda pozulur.
Məsələn, adamlıq dininə görə, insanın hərəkətləri, əxlaqı, xarakteri və ya mimikaları ilə bağlı qarşısındakı şəxsə məsləhət verməsi onu hörmətdən salan davranışdır. Buna görə, cahiliyyə cəmiyyətində heç kim özü ilə bağlı mövzularda başqasının məsləhətini almır. Məsələn: “Məndə səni narahat edən bir cəhət var? Gülüşümdə, mimikalarımda və ya yerişimdə bir qüsur görürsən? Mənə şəxsiyyətimlə əlaqədar verə biləcəyin bir tövsiyə var? Necə olsam, daha rahat olarsınız, ya da daha çox sevilərəm? Paltar zövqüm necədir, mənə bu mövzuda təklifin var?…” kimi suallar eşitmək demək olar ki, mümkün deyil. Çünki insanın özünü təkmilləşdirmək üçün ətrafındakılardan məsləhət alması adamlıq dininin zehniyyətinə ziddir. Hər kəs özünü ən yaxşı, ən mədəni, ən ağıllı olaraq qəbul edir. Çatışmazlıqları olduğunu bilsə belə, bunu ətrafına bildirmək istəmir.
Adamlıq dini məsləhətləşməkdən əlavə, tənqidə də tamamilə qapalıdır. Məsələn, öz sahəsində uğur qazanmış həkim və ya mühəndis düşünək. Yanlarına gələn biri əgər başqa bir mütəxəssisin ondan fərqli olduğunu desə, mütləq: “Onda get onun yanında müayinə olun və ya get evini ona təmir etdir”, - şəklində cavab verirlər. Öz sahəsində mütəxəssis olan insanlar, ümumiyyətlə, həmkarlarının fikirlərinə əhəmiyyət vermir və mütləq öz dediklərinin tətbiq edilməsini istəyirlər.
Bu inanca görə, insanı özündən kiçik birinin, məsələn, qardaşı (bacısı) oğlunun tənqid etməsi qeyri-mümkündür. Gənclər əmisinə və ya xalasına xüsusiyyətləri ilə bağlı fikir söyləyə bilməz. Məsələn, bir qohumunun daha səbirli, daha mülayim və ya daha incə düşüncəli olmasını istəyən uşaq bunu ona söylədikdə böyük ehtimalla ya kinayəli, ya laqeyd, ya da qəzəbli cavabla qarşılıq alır. “Bu yaşımda səndən tövsiyə alası deyiləm” zehniyyəti ilə yaşayan insanlar özlərindən kiçik yaşda olanların ağlına ehtiyacları olmadığını düşünürlər. Halbuki, gözəl əxlaqlı, imanlı gənc imansız, ancaq yaşlı birindən daha ağıllı, vicdanlı və ruhən yetkin ola bilər.
Necə ki, Quranda bildirilən hz.İbrahimin atasını doğru yola çağırmaq üçün söylədikləri buna bir nümunədir:
Kitabda İbrahimi də yad et. Həqiqətən, o, büsbütün doğru danışan kimsə– bir peyğəmbər idi. O, bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan!” Dedi: “Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!” (İbrahim) belə cavab verdi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O, mənə qarşı çox mehribandır. (Məryəm surəsi, 41-47)
Adamlıq dinində vəzifə və mədəniyyət də tənqidə mane olur. Fəhlə, işlədiyi fabrikin müdirinə əsla tövsiyə verə bilməz. Nə işlə əlaqədar, nə o adamın xarakteri ilə əlaqədar, nə də başqa bir mövzu ilə əlaqədar. Məsələn, ətrafındakılara qarşı kobud davranan müdir əgər işçilərinin birindən bu haqda tövsiyə alsa, böyük ehtimalla həmin adamı işdən çıxarar. Çünki adamlıq dininə görə, bu, böyük təhqirdir.
Halbuki, bu, son dərəcə səhv dünyagörüşüdür və Quran əxlaqına heç bir şəkildə uyğun deyildir. Bu cür tənqidlər hər insan üçün böyük bir nemət və dostluq göstəricisidir. Quranda insanlara bir-birlərinə yaxşılığı əmr etmələri və pislikdən çəkindirmələri əmr edilmişdir. Allah`ın bu əmrini yerinə yetirən bir insana mane olmaq, özünə tövsiyə edilən yaxşılıqdan üz çevirmək, əlbəttə, son dərəcə çirkin davranışdır.
Kateqoriyalar