Adamlıq  dinindəki   yanlış  islam  anlayışı

Bu gün dünyanın bir çox ölkəsində din anlayışı son dərəcə səhv başa düşülməkdədir. Allah`ın Quranda bildirdiyi din əxlaqı ilə cəmiyyətin qəbul etdiyi din əxlaqı arasında böyük fərq vardır.

Bunun ən açıq nümunəsi bir insandan danışılarkən  dini ilə yanaşı, dünya görüşündən, ideologiyasından, həyat fəlsəfəsindən və ya  həyat tərzindən də söz edilməsidir. Bu səhv məntiqə görə, bir insan hər hansı bir dinə mənsub, məsələn, müsəlman ola bilər, ancaq bundan başqa, müsəlmanlıqdan kənar həyat fəlsəfəsinə, dünya görüşünə və s. malik olması da heç bir ziddiyət təşkil etməz. Müsəlmanlıq onun inancları ilə əlaqədardır, amma bundan əlavə bir də həyatın “həqiqətləri” vardır.

Bu batil düşüncəyə sahib adamlıq dini mənsublarının böyük  hissəsi haqq dini açıq şəkildə inkar etməzlər. Əksinə, yaxşı bir müsəlman olduqları iddiasındadırlar. Buna qarşı, yanlış olaraq İslamın bəzi hökmlərini  bəyənməzlər. Bunların dəyişilməsinin gərəkdiyini düşünərlər. Əlbəttə, bu çox azğın və  səhv   iddiadır. Quranda bildirilən din son haqq dindir, nöqsansız və qüsursuzdur. Belə insanların qəbul etdiyi dini yönlər isə mənfəətlərinə  zidd olmayan qisimlərdir. Bütün bunları edərkən yaxşı  müsəlman olduqları iddiasını da davam etdirirlər. Halbuki, bu etdikləri Quranda bildirilən təriflərə görə, səmimi iman xüsusiyyətləri deyil və bir mənada inkar etməkdir. Bu vəziyyətləri Quranda “Siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? (Bəqərə surəsi, 85)” kimi nümunə ilə izah edilir.

Burada adamlıq dini mənsublarının niyə  İslamı qismən qəbul etdiklərinin və niyə bunun inkarçıların bir xüsusiyyəti olduğunu yaxşı təsbit etmək lazımdır. Bir insanın İslamı qəbul edib yaşamasının əsl səbəbi yalnız Allah`ı Rəbb qəbul etməsi və Ona təslim olmasıdır. Əgər İslam bundan daha fərqli bir səbəblə yaşanırsa, bu həqiqi iman olmaz. Quranda bəhsi keçən bir insan birliyi olan münafiqlər bunun ən yaxşı nümunəsidir. Onlar da İslamı mənimsəmiş kimi görünürlər və eynilə müsəlmanların yaşadığı kimi yaşayırlar. Amma məqsədləri Allah rizasını qazanmaq deyil, öz ağıllarına görə insanlara nümayiş etdirməkdir. İslamı qəbul edib daha yaxşı  mövqe əldə edəcəklərini, bəzi mənfəətlərə  çatacaqlarını hesab edirlər. Quranda bu insanlar belə müəyyən olunur:

İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allah`a və qiyamət gününə iman gətirdik”, -deyirlər. Onlar elə güman edirlər ki, Allah`ı və möminləri aldadırlar. Bilmirlər ki, əslində, ancaq özlərini aldadırlar.  (Bəqərə surəsi, 8-9)

Münafiqlər İslamın Allah rizasından ayrı bir məqsədlə mənimsənməsinin heç bir dəyərinin olmadığının nümunəsidirlər. Onsuz da onlar İslamın bütün hökmlərini tətbiq etmir, fədakarlıq tələb edən ibadətlərdən qaçırlar.

Adamlıq dininin mənsubları da buna bənzər  vəziyyətdədirlər. Çünki onlar da İslamı Allah`a iman etdiklərinə görə və Onun razılığını qazanmaq üçün  qəbul etmiş deyildirlər. Onların İslamı qəbul etmə səbəbləri inkarçıların əsas xüsusiyyətlərindən biri olan atalara tabe olmaq məntiqidir. Onlar atalarını yol göstərici olaraq mənimsəmişlər. Gerçək dinləri də atalarından qalma batil qaydalarıdır. İslamı bu qaydaların bir parçası saydıqları üçün qəbul edirlər. Bununla yanaşı, atalarından miras qalan bir çox İslamdan kənar elementi mənimsəmələri və İslamın da yalnız mənfəətləri ilə zidd düşməyən yönlərini qəbul etmələri səmimi imana sahib olmadıqlarını göstərir. İslamı mənsubu olduqlarını söylədikləri xalqın mədəni,  ənənəvi bir parçası sayırlar.

İslamı atalarından gələn qaydaların bir parçası olaraq gördükləri üçün İslamın əsası olan Allah qorxusuna sahib deyildirlər. İstifadə etdikləri dini terminlər çox vaxt Quranda bildirilənlərlə eyni olur. Allah`ın varlığından, imandan, cənnət və cəhənnəmin varlığından, oruc tutmaqdan, beş vaxt namaz qılmağın lazım olduğundan bəhs edərlər. Amma bunlara Allah qorxusunun gətirdiyi həssas  vicdanla yanaşmadıqları üçün heç bir şəkildə təsirlənməzlər. Quranda möminlər təsvir edilərkən onların Allah`ın zikrinə və ayələrinə qarşı son dərəcə həssas olduqları belə bildirilir:

Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə  ürəkləri qorxudan titrəyər, Allah`ın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.  (Ənfal surəsi, 2)

Buna baxmayaraq, adamlıq dini mənsubları Allah`ın zikrindən təsirlənməz, yəni Ona qarşı  hörmət dolu qorxu hiss etməzlər. Allah`ı və axirəti yalnız sözlə təsdiq edirlər, lakin ürəkləri bomboşdur. Quran əxlaqını yaşamazlar. Quranda bu xüsusiyyətlər fərqli ayələrdə belə vurğulanır:

De: “Əgər bilirsinizsə,  bu yer və yer üzündə olanlar kimindir?” Onlar mütləq: “Allah`ındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə düşünmürsünüz?” De: “Yeddi  göyün Rəbbi, o  əzəmətli ərşin Rəbbi  kimdir?” Mütləq: “Allah`ındır!” – deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə qorxmursunuz?” De: “Əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan,  himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?” Onlar mütləq: “Allah`dır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə nə cür  döndərilirsiniz?” Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar! (Muminun surəsi, 84-90)

Həqiqətən, əgər sən: “Göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir?” – deyə soruşsan, onlar mütləq: “Allah`dır!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allah`a!” Lakin onların əksəriyyəti dərindən düşünməz! (Ənkəbut surəsi, 63)

Adamlıq dininin mənsublarının Allah`ın varlığından təsirlənməmələrinin, Allah`ın əmrinə zidd yaşamağı rahatlıqla davam etdirmələrinin səbəbi təsdiq etdikləri həqiqətin mənasını qavrayacaq ağıla sahib olmamalarıdır. Belə insanlar Allah`ın gücünü və qüdrətini də gərəyi kimi düşünüb təqdir etməzlər. Özləri şüurlu şəkildə düşünmüş və “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali-İmran surəsi, 191)” ayəsində təsvir edilən mömin rəftarını göstərmiş deyildirlər. Quranda bu insanların belə düşünmə imkanından məhrum olduqları, çünki ağıl sahibi olmadıqları belə xəbər verilir:

Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti  eşidəcək və ya  fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Furqan surəsi, 44)

Adamlıq dini mənsublarının böyük əksəriyyətinin duaları da Quranda möminlərin etdiyi dualardan fərqlidir: Allah qorxularının artmasının, ibadətlərinin və imanlarının davamlı olmasının yerinə yalnız çətin olan işlərinin açılması, daha yaxşı avtomobil ala bilmələri və ya sevdikləri qız və ya kişi ilə evlənə bilmələri üçün səmimi   şəkildə Allah`a yalvararlar. Çətinlik içində olduqları, məsələn, ciddi bir xəstəliyə tutulduqları və ya böyük  çətinliklə qarşılaşdıqları  zaman da Allah`a dua edərlər, ancaq bu çətinlikdən xilas olduqları zaman Allah`ı unudar və yenidən Ona ortaqlar qoşarlar. Onların bu əhvalı Quranda belə xəbər verilmişdir:

Sizə gələn hər bir nemət Allah`dandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız! Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur. Onlar bunu özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün edirlər. Hələ ki, kef çəkib ləzzət alın. Sonra biləcəksiniz! (Nəhl surəsi, 53-55)

Möminlər isə Allah`ın razılığını, rəhmət və cənnətini qazanmaq üçün dua edərlər. Allah`ın imani dərinlik verməsi üçün yalvarıb dua edən möminlər Allah`ın duaları qəbul etdiyini bilərək bunu Allah`a yaxınlaşmaq üçün gözəl bir yol bilərlər.

Adamlıq dininin mənsubları üçün isə ibadətin  göstərişli şəkildə edilməsi əhəmiyyət daşıyır. Bu səbəblə, namazlarını yalnız olduqları zaman qılmadıqları halda, insanların arasında qılmaq lazım gəldiyində buna səy göstərirlər. Allah`dan qorxduqları və Onun rəhmətini ümid etdikləri üçün namaz qılmaları gərəkdiyi halda, insanların razılığını qazanmaq üçün namaz qılırlar. Allah Quranda  göstəriş üçün ibadət edənlərə belə buyurur:

Vay halına o namaz qılanların ki,  Onlar öz namazlarından qafildirlər. Onlar  riyakarlıq edər. (Maun surəsi, 4-6)

Göründüyü kimi, adamlıq dininin ən maraqlı xüsusiyyəti Quran və İslamın əslindən və ruhundan tamamilə ayrı inancda olmasına baxmayaraq, mənsublarının çoxunun özlərini inanclı zənn etmələridir. Çünki adamlıq dini -Qurandan ayrı olaraq- bir insanın  dini anlayışının necə olacağını və nəyi tətbiq edəcəyini,  Allah inancının və əxlaq anlayışının necə olduğunun gərəkdiyini bütün əsasları ilə müəyyən etmişdir. Bu azğın dinin inanc və ibadətləri də əsl möminlərin inanc və ibadətlərindən tamamilə fərqlidir. Hətta bir çox yöndən tam ziddir.

İnsana müsəlman olduğunu göstərib, əslində, İslamdan tamamilə uzaq bir dini mənimsədib yaşatması adamlıq dininin ən mühüm hiylələrindəndir. Adamlıq dininin qaydalarını, inanclarını və əxlaqını mənimsəyən insan gerçək dininin adamlıq dini olduğunun fərqində belə olmaz. O, yalnız şeytanın öz nəfsinə görə bəzəyib təqdim etdiyi batil  dini yaşayır, ancaq bunun şüurunda deyil.

Bu batil dində lazımi qədər Allah qorxusu olmayan, lakin Allah`ın varlığını öz şərtlərinə görə qəbul edən  düşüncə vardır. Allah`ın “Yaradan” sifəti qəbul edilir, amma yaratdıqlarının üstündəki sonsuz qüdrəti və gücünə diqqət yetirilmir. Qəza anında insanı qurtaran, yaxud ümidsiz xəstəliyi yaxşılaşdıran Allah`dır. Ölüm anını da Allah`ın təyin etdiyi qəbul edilir. Lakin bunun xaricində gündəlik həyatda, birjada, texnologiyada, elmi araşdırmalarda, ticarət və siyasətdə hər şeyin Allah`ın təqdirilə olduğu qəbul edilmir. Bu batil inancda olanlar belə yerlərdə insanın gücünün, ağıl və müdaxiləsinin etibarlı olduğuna inanırlar. Allah -Rəbbimizi hər cür nöqsandan tənzih edirik- qədim ibtidai dini inanclarda olduğu kimi, yalnız bəzi təbii hadisələri yaradan İlah olaraq qəbul edilir. Bu səhv məntiqə görə, küləyi əsdirən, fırtınanı qoparan, zəlzələni yaradan Odur, lakin təyyarəni, kosmik gəmini, nüvə stansiyasını düzəldən insanın dahiliyidir! Heç şübhəsiz, bu, son dərəcə batil və Qurana uyğun olmayan bir baxışdır. Kainatdakı hər şey, bir insanın həyatındakı hər an, NASA-nın apardığı araşdırmalardan CERN-dəki bütün təcrübələrə qədər hər şey, yeni kəşf edilən bir bilgi, yeni bir görüş, qısaca, hər an və hər bir şey Allah`ın diləməsi ilə, üstün ağıl  və təqdiri ilə meydana gəlir.

Bu batil inanc sisteminə görə isə Allah`ın insanı gördüyü yerlər də müəyyəndir. Namaz, oruc kimi ibadətlərdə və ya dua edildiyində Allah`ın hüzurunda olduqlarını düşünürlər, amma bunun xaricində uca Rəbbimizin eşitmədiyi, görmədiyi anların olduğu düşüncəsi kimi son dərəcə azğın və həqiqətdənkənar bir inanc hakimdir. Buna görə də saxtakarlıqların, dedi-qoduların və gizli işlərin Allah`dan gizli qalacağını düşünürlər. Quranda bu batil düşüncənin əsassızlığı belə xəbər verilir:

Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri  xəbər verəcəkdir. Allah hər şeyi biləndir! (Mücadilə surəsi, 7)

Qeybin açarları (Allah`ın) yanındadır. Onları ancaq O  bilir. Suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki,  onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın! (Ənam surəsi, 59)

O, qeybi də, aşkarı da biləndir,  böyükdür, ucadır!  Sizdən sözünü gizlədən də, onu açıq deyən də, gecənin qoynunda gizlənən də, gündüz aşkar gəzib dolanan da (Allah üçün) eynidir.  (Rəd surəsi, 9-10)

Bir başqa ayədə adamlıq dininin mənsublarının  bu yanılması belə izah edilir:

Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz yazırlar! (Zuxruf surəsi, 80)

Adamlıq dininin mənsubları Allah`dan lazımı kimi qorxmadıqları üçün din əxlaqının əsası olan anlayışları da öz mənfəətlərinə uyğun  şəkildə təhrif etməyə cəhd edirlər. Məsələn, müsəlmanlığın mənasını dəyişdirməyə çalışırlar. Quranda tərifi edilən müsəlman anlayışının yerinə  səhv bir müsəlman anlayışı çıxarırlar. Halbuki, bu, mənasız səydir, bu insanların ortaya çıxardığı və ya inandığı iddialar hər nə olursa olsun, həm dünyada, həm də axirətdə etibarsızdır. Məsələn, “mən də imkan tapanda arada  namazlarımı qılıram, heç kimə bir pisliyim toxunmayıb, qatil deyiləm, oğru deyiləm, oxuyuram, yaxşı bir işim var, müvəffəqiyyətliyəm, niyə və nəyə görə cəhənnəmə gedim!” kimi İslam dinində yeri olmayan ifadələr tez-tez bu dinin mənsubları tərəfindən istifadə edilir. Müsəlmanlığın başqa insanlara pislik etməməkdən ibarət olduğunu düşünən və haqq dinin təməlinin Allah`a qeyd-şərtsiz itaət olduğunu anlamayan bu insanlar  özlərini aldadırlar. Allah`ın dinini dilənçilərə az miqdarda pul vermək və ya qonşusu ilə yaxşı davranmaqdan ibarət olduğunu düşünən və Quranın yüzlərlə hökmünə əhəmiyyət verməyən bu insanlar bəzən etdikləri bu səmimiyyətsizliyə  məntiqi izahlar da gətirməyə çalışırlar. Quranın bəzi hökmləri mövzusunda yaşadıqları əsrdə həyat tempinin yüksək olduğunu və bu səbəblə namaza vaxt tapa bilmədiyini, yaxud  bu dövrün insanlarının fərqli olduğunu və özünü qorumaq üçün məcbur halda dürüstlükdən, təvazö və mərhəmətdən güzəştə getməsinin  lazım olduğu kimi səhv məntiqlərlə ibadətlərdən qaçırlar. Quran ayələrinə öz düşüncələrinə görə bəzi şərhlər verməyə çalışan bu insanlar aşağıdakı ayənin hökmündədirlər:

De: “Siz dininizi Allah`amı öyrədirsiniz?” Halbuki, Allah göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyi biləndir! (Hucurat surəsi, 16)

Adamlıq dini mənsubları gerçək axirət inancına da sahib deyildirlər. Axirəti dinin bir çox hökmündə olduğu kimi, dilucu  qəbul edirlər. Əslində, ona iman etməzlər. Ancaq Quranda bu səhv məntiqdə olanların mövqeləri və ibrətverici sonları bu şəkildə təsvir edilir:

İnsan (Allah`dan özünə) yaxşılıq diləməkdən usanmaz. Əgər ona bir pislik üz versə, ümidsizliyə qapılıb məyus olar. Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək, mütləq: “Bu, elə mənim haqqımdır. Qiyamətin qopacağını güman etmirəm. Doğrudan da, əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, Onun dərgahında məni ən gözəl nemət gözləyir!” – deyər. Biz kafir olanlara  nə etdiklərini mütləq  xəbər verəcək və sözsüz ki, onlara şiddətli bir əzab daddıracağıq. (Fussilət surəsi, 49-50)

Adamlıq dinində bir qrup da vardır ki, bəzi eşidilən məlumatlarla günahlarının cəzasını bir müddət cəhənnəmdə çəkdikdən sonra cənnətə girəcəkləri düşüncəsiylə bu dünyada hər cür haram və günahı işləməyi özlərinə qanuni görürlər. Cəhənnəmdə bir müddət sıxıntı çəkdikdən sonra cənnətə girməyi  yanlış şəkildə zəmanət zənn edirlər. Halbuki, bu, batil bir inancdır və insanın  özünü aldatmasının  başqa bir nümunəsidir. Quranda bu mövzudan belə danışılır:

Bu  onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” –dediklərinə görədir. Onları öz dinləri barəsində düzəltdikləri uydurmalar aldadıb yoldan çıxartmışdır. Elə isə  şübhə edilməyən bir gündə  onları  topladığımız zaman  halı necə olacaq? (O gün) hər kəsə qazandığının əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Ali-İmran surəsi, 24-25)

Yenə bir başqa ayədə də eyni batil inancdan danışılır:

Onlar: “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. Onlara söylə: “Siz Allah`dan belə bir vəd almısınızmı? Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allah`a qarşı bilmədiyinizi söyləyirsiniz? (Bəqərə surəsi, 80)

Halbuki, vəziyyət bildikləri kimi deyil. Bir sonrakı ayədə axirətdəki vəziyyət belə xəbər verilir:

Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. (Bəqərə surəsi, 81)

Belə olmaqla yanaşı, Allah`dan bir rəhmət olaraq Peyğəmbərimizin (s.ə.v) belə bir hədisi də vardır:

Hz. Peyğəmbər (s.ə.v) belə buyurur: “Ürəyində zərrə qədər iman olan kimsə atəşdən çıxacaq”. Əbu Səid deyir ki: “Kim (bu xəbərin ifadə etdiyi həqiqətdən) şübhəyə düşsə, bu ayəni oxusun: “Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz”. (Nisa surəsi, 40)” (Tirmizi, Sifatu-cəhənnəm 10, (2601))

Adamlıq dini mənsublarının və ümumiyyətlə, bütün inkarçıların cəhənnəm əzabı mövzusunda öz yanlış düşüncələri ilə belə çirkin cəsarət göstərmələri, əslində, Allah`a və axirətə olan imanlarının zəif olmasından və ya heç olmamasından qaynaqlanır. Buna qarşı, möminlər bu mövzuda son dərəcə həssas və həmişə ümid və qorxu içində olurlar. Allah`ın əzabından qorxub çəkinir, Allah`ın razı olmaması ehtimalından şiddətlə qorxurlar. Uca Rəbbimiz Allah`a davamlı günahlarının bağışlanması, qəlblərinin dönməməsi üçün dua edirlər. Quranda keçən “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə  salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, bəxş edənsən! (Ali-İmran surəsi, 8)” kimi dualar bunun nümunəsidir. Peyğəmbər hz. Yusif də: “Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur! (Yusuf surəsi, 101)” - deyə dua edir.

Qısası, möminlər qəti olaraq özlərini mükəmməl, səhvsiz, nöqsansız insanlar olaraq görməz, əksinə, əllərindən gəldiyi qədər nöqsanlarını aradan qaldırmağa, səhvlərini düzəltməyə, yetkinləşməyə çalışarlar. Bu səbəblə də Quranın bir çox ayəsində bildirildiyi kimi, özlərinə edilən xəbərdarlıqlara son dərəcə ciddi yanaşarlar. Adamlıq dini mənsubları özlərini bəyəndikləri, qüsursuz gördükləri üçün heç bir şəkildə özlərinə verilən öyüdləri dinləməzlər. Allah`ın kitabına dəvət edildiklərində üz çevirər və özlərinin onsuz da nümunəvi  müsəlman olduqlarını iddia edərək mövzunun üzərindən keçməyə çalışarlar. Belə insanların vəziyyəti bir ayədə belə xəbər verilir:

Rəbbinin ayələri özünə xatırlandırılarkən onlardan üz döndərən, əvvəlcə  etdiyi günahları unudan adamdan daha zalım kim ola bilər?! Onu anlamasınlar deyə, Biz onların qəlblərinə pərdə çəkib, qulaqlarına ağırlıq verdik. Sən onları doğru yola dəvət etsən belə, onlar əsla haqq yola gəlməzlər. (Kəhf surəsi, 57)

Hətta “mən çox dindar bir ailənin uşağıyam”, “mənim babam din mövzusunda təqdir edilən, fikri qəbul edilən bir alim idi, hacı idi, müəllim idi” və s. deməklə özünü təmizə çıxaranlar da olur. Və ya keçmişdə etdikləri bir yaxşılığı, məsələn, bir kasıba verdikləri  bir miqdar puldan bəhs edib necə də yaxşı insan olduqlarını  eyham edirlər. Quranda bu insanlardan  belə bəhs edilir:

Özlərini təmizə çıxaranları görmürsənmi? (Xeyr) Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz! Sən onların Allah`a qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah olaraq kifayətdir! (Nisa surəsi, 49-50)

Bundan əlavə, adamlıq dini mənsubları öz səhv məntiqləri ilə bəzi ibadətlər çıxarırlar və bunları etməklə cənnətə gedəcəklərini düşünürlər. Bu dinin mənsublarının ağzından “işləmək də ibadətdir” sözünü tez-tez eşitmək mümkündür. İşləmək bir gözəllikdir və hər mömin təmiz və yaxşı əxlaq göstərərək işləyər. Ancaq işi bəhanə edib Allah`ın hökmlərini tətbiq etməmək, əlbəttə, səmimi davranış deyil. Adamlıq dini mənsubları bu məntiqlə hərəkət edib öz peşələrinin də bir ibadət olduğunu söyləyirlər. Bu səhv məntiqə görə, peşələri ilə xidmət etdiklərinə görə, ayrıca Quranın hökmlərini yerinə yetirmələrinə ehtiyac yoxdur. Bunu söyləyən bəzən məmur, bəzən bərbər, bəzən həkim, bəzən tacir, bəzən də  dərzi olur. Hamısı da insanlara peşələri ilə kömək etdiklərini, bunun da ən böyük ibadət olduğunu düşünürlər. İnsanlara kömək etmək  yaxşı  xüsusiyyətdir, amma təkbaşına kafi deyil. Üstəlik, bu, böyük yanılmadır.

Bu insanlar özlərinə ən yaxşı pulu, ən yaxşı mövqeni, ən yaxşı şöhrəti gətirən və ya asan olan iş və həyat tərzini seçir və sonra da etdikləri bu işlə ibadət etdiklərini iddia edirlər. İbadət Allah`a qulluq etmək deməkdir. İnsanlara edilən kömək, həqiqətən, Allah`ın razılığını qazanmaq üçün edilərsə, ibadət olar. Ancaq bir insan Quran əxlaqını yaşamayıb, sonra da: “Mən bu insana kömək edirəm, bunu müalicə edirəm, bu ibadətdir”, -deyə bilməz. Əgər ibadət etmək, yəni Allah`a qulluq etmək istəyirsə, Allah`ın fərz etdiyi hökmləri əksiksiz olaraq yerinə yetirmək üçün işləməli, bununla yanaşı, Allah`ın əmr etdiyi əxlaqı tam şəkildə yaşamalıdır.

“Tövbə” surəsindəki bəzi ayələr bu mövzunu ən yaxşı şəkildə açıqlayır. Ayələrdə Peyğəmbərimizin (s.ə.v) dövründə Məkkədəki müşriklərin Kəbəni təmir etmək və həcc üçün Kəbəyə gələnlərə su vermək adətindən bəhs edilir və müşriklərin bu işlərinin müsbət olsa da, ibadət sayılmadığı bildirilir. Çünki ibadət əvvəl də ifadə etdiyimiz kimi, Allah`a qulluq etmək deməkdir. Halbuki, müşriklər Allah rizası üçün deyil, göstəriş  üçün və bir də adət-ənənələri olduğu üçün bunu edirdilər:

Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allah`ın məscidlərini təmir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar cəhənnəmdə (əbədi qalacaqlar!). (Tövbə surəsi, 17)

Məgər siz hacılara su verməyi və Məscidülhəramı təmir etməyi Allah`a və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz! (Tövbə surəsi, 19)

Adamlıq dininin çıxardığı yanlış İslam anlayışının növlərini saymaqla bitməz. Bu dinin bəzi mənsubları  tutduqları yolun doğru olduğundan əmindir və “Allah məni sevir; sevməsəydi, bu evi, ailəni, malı, mülkü, verməzdi. İndiyə qədər Allah`dan istədiyimin hamısı olub” şəklində ifadələrlə özlərinə olan etibarlarını ifadə edirlər. Belə düşüncələrlə özlərini təmizə çıxarmağa çalışarkən aşağıdakı ayənin hökmünə girdiklərinin fərqində deyildirlər:

Məgər elə zənn edirlər ki, onlara  verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar!  (Muminun surəsi, 55-56)

Bir başqa ayədə hadisənin əsl mahiyyəti belə açıqlanır:

Nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər. (Tövbə surəsi, 55)

Heç kimin özündə imtiyaz görməyə haqqı yoxdur. Bir insan ancaq Allah`a itaət edib, Onun hökmlərinə əlindən gəldiyi qədər riayət edib, günahlarından ötrü Allah`dan bağışlanma diləyərsə, Allah`dan  qurtuluş və xoşbəxtlik ümid edə bilər. Allah`a üsyan edən, Onun hökmlərinə bilə-bilə üz çevirən, Ondan başqa ilahlar qəbul edən insanların özlərini dindar kimi göstərməyə çalışması isə  səmimiyyətsizlikdir. Necə ki, Allah Quranda bənzər iddianı qarşıya qoyan bəzi yəhudilərlə əlaqədar  belə buyurur:

De: “Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allah`ın dostları olduğunuzu iddia edirsinizsə, doğru deyirsinizsə, onda ölüm diləyin!” Halbuki, onlar öz əlləri ilə etdikləri əməllərə görə heç vaxt diləməzlər. Allah zalımları çox gözəl tanıyandır! (Cümə surəsi, 6-7)

Adamlıq dini mənsublarının müsəlmanlıq anlayışında yalnız bəzi ibadətlər olur, yaxud da çox vaxt heç olmur, amma dillərində olur. Müsəlmanlara dəstək olmağın, Allah üçün yaşamağın, beş vaxt namaz qılmağın, Quran oxumağın lazım olduğundan tez-tez bəhs edər, amma bu ibadətləri yerinə yetirməzlər. Onsuz da adamlıq dinində Quran əxlaqının hara kimi yaşandığı və hədləri Qurandan fərqli şəkildə müəyyən edilmişdir. “Dini də yaşamaq olar, amma müəyyən qədər, hər şeyin həddi vardır. Dərinliyinə getmək lazım deyil, hər  şey qədərində  yaxşıdır” kimi yanlış məntiqlər bu insanlardan tez-tez eşidilir.
Bu yanlış məntiqə sahib olan insanlar dinin dərinliyi deyərkən  din üçün edilən hər hansı bir fədakarlığı nəzərdə tuturlar. Bu insanlar müsəlmanlardan olduqlarının bilinməməsi, onlarla adlarının eyni çəkilməməsi, Allah üçün cəhd göstərməməsi, malından və canından Allah yolunda istifadə etməməsi və ya bunu öz mənfəətlərinə  zidd düşməyəcək qədər etməsi üçün çox səy göstərirlər. Quranda dinin yalnız mənfəətlərinə zidd olmayan  yönlərini tətbiq edənlər belə təsvir edilir:

İnsanlardan eləsi də vardır ki, Allah`a şəklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, arxayın olar. Yox, əgər ona bir bəla üz versə, çöhrəsi dəyişər. Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu! (Həcc surəsi, 11)

Quranda təsvir edilən müsəlman isə Allah`ın razılığını və sevgisini bütün şəxsi mənfəətlərindən üstün tutan, yalnız axirətdən gözləyən, ciddi səy göstərən və Allah`a qarşı dürüst olan müsəlmandır. Buna qarşı, adamlıq dinində mənfəətlər hər cür inanc, dostluq və sevgidən üstün olur. Buna görə də adamlıq dininin mənsubları möminləri açıq şəkildə dəstəkləməkdən qorxurlar. Etibar itkisi qorxusu ilə inanclarını dürüst yaşamazlar. Doğru bildiklərini həmişə müdafiə etməzlər. Onlar üçün  yaşadıqları cəmiyyətin düşüncələri, işləri, yoldaşları və ya malları Allah`dan və Onun razılığından daha önəmlidir. Quranda  həmin insanlar haqqında belə deyilir:

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allah`dan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allah`ın əmri  gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!”  (Tövbə surəsi, 24)

Ayədə adamlıq dininin ucaltdığı bəzi əsas dəyər mühakimələri sayılır və bu dəyər mühakimələrini islami dəyərlərdən üstün tutmağın fasiq (yoldan çıxmış, Allah`a üsyan etmiş) bir camaatın xüsusiyyəti olduğu izah edilir. Bu fasiqlər birliyinin sahib olduğu səhv sevgi anlayışı bu dəyər mühakimələri arasında yer alır. Adamlıq dinində cəmiyyət və insan sevgisi çox vaxt Allah sevgisindən öndə gəlir. İnsanların razılığı Allah`ın razılığından üstün tutulur. Bu vəziyyət Quranda şirk, yəni Allah`dan başqasını ilah qəbul etmək kimi açıqlanır:

İnsanların içərisində Allah`dan qeyrilərini (Allah`a) şərik qoşub, onları Allah`ı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allah`a məhəbbəti daha qüvvətlidir. Əgər zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allah`a məxsus olduğunu və Allah`ın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165)

Ancaq bu insanlar şirkin yalnız taxta və ya gipsdən düzəldilmiş bütlərə tapınmaqdan ibarət olduğunu düşündükləri üçün özlərini bundan tamamilə uzaq görürlər. İçində olduqları sistemin şirk sistemi olduğu özlərinə deyildiyində isə qəzəblənirlər. Ancaq şirk (ortaq) qoşanlar hər nə qədər özlərini təmizə çıxartmağa çalışsalar da, Allah`ın hökmü qətidir, Quranda “Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa, olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allah`a şərik qoşan şəxs, şübhəsiz ki, çox azmışdır. (Nisa surəsi, 116)” ayəsi ilə müşriklərin mövqeləri bildirilmişdir.

Adamlıq dininin batil kitabı isə atalardan gələn mədəniyyətin və cəmiyyətin o günkü şərtlərinin meydana gətirdiyi qaydaların hamısıdır. Buna görə də Quranı yol göstərici olaraq qəbul etməzlər və çox vaxt Quran oxumazlar. Quran oxumaq üçün yalnız cənazə kimi müəyyən hadisələr olmalıdır. Halbuki, bu, hiyləgər bir şeytani üsulla Quranın insan həyatından uzaqlaşdırılması deməkdir. Allah Quranda bu insanların vəziyyəti ilə əlaqədar belə bildirir:

Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək.  (Furqan surəsi, 30)

Bundan başqa, cəmiyyətin batil prinsiplərini, qəribə qaydalarını, yanlış tərbiyə formalarını, şifahi sözləri qəbul edir və uca Allah`ın bildirdiyi dinə görə deyil, başqa batil ölçülərə görə yaşayırlar. Halbuki, Allah Qurandan kənar  sistemi özlərinə rəhbər edənlərə və buna baxmayaraq, özlərini hələ müsəlman hesab edənlərə belə xitab edir:

Sizə nə olub, necə mühakimə yürüdürsünüz? Yoxsa  bir kitabınız vardır ki, orada oxuyursunuz?! Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?! Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?! (Qələm surəsi, 36-39)

Adamlıq dininin mənsubları Allah`ın seçdiyi dinin yerinə öz istək və arzularının, atalarından gələn mədəniyyəti və ya yaşadıqları cəmiyyətin batil qaydalarını yol göstərici olaraq qəbul etmiş və azmışlar. Bu şəkildə özlərinə Allah`ın  rəhməti olaraq göndərilən ən mükəmməl və yeganə qurtuluş ümidi olan haqq dini az və çox qısa müddətə dünya mənfəəti qarşılığında satırlar. Bunun necə pis alış-veriş olduğu Quranda belə ifadə edilir:

Onlar  axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar. (Bəqərə surəsi, 86)

Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar. (Bəqərə surəsi, 16)

Batil dindən qopub ayrılmaq
Allah`ın dinini (İslamı) seçən bir insanın əsas xüsusiyyəti yalnız Allah`ı Rəbb qəbul etməsidir. Allah`ı Rəbb etdiyinə görə, Ondan başqa heç bir varlığı yol göstərici olaraq qəbul etməz. Bütün həyatını Allah`ın göstərdiyi şəkildə, yəni Onun “...müttəqilərə doğru yol göstərən... (Bəqərə surəsi, 2)” kitabına, Qurana görə təşkil edər. Bu vəziyyətdə, başqa bir əxlaq sistemini mənimsəməsindən söhbət gedə bilməz. Dolayısilə, iman edən bir insan Quran əxlaqının tam əksi olan əxlaqi sistemə bağlı olmaz. Həm müsəlman olub, həm də atalarından gələn dinsiz ənənələrini təqib etməz. Özbaşına bir həyat fəlsəfəsi də çıxarmaz. O, yalnız müsəlmandır, başqa  adı yoxdur. Ona bu adı Allah vermişdir. Quranda bu mövzu belə bildirilir:

Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini  kimi. Allah bundan  əvvəl də, bunda da sizə müsəlman adını verdi ki,  Peyğəmbər sizə, siz də  insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allah`a sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O, nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! (Həcc surəsi, 78)

Quranın fərqli surələrində  yaşadıqları cəmiyyətin batil dinindən tamamilə qopub ayrılan və tamamilə Allah`ın dininə yönələn möminlərdən bəhs edilir. Yaşadıqları cəmiyyətin batil dinini qəbul etmədikləri üçün ölüm təhlükəsiylə qarşılaşan və buna görə mağaraya sığınan əshabi-kəhf (mağara əhli) bunlardan biridir. Quranda kəhf əhlinin vəziyyəti belə bildirilir:

Yoxsa əshabi-kəhfin və Rəqimin ayələrimizdən əcaib bir şey olduğunu güman edirsən? (Kəhf surəsi, 9)

Biz onların xəbərini sənə doğru söyləyirik. Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini artırmışdıq. Onlar durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, danışmaqda həddi aşmış olarıq!” – dedikləri zaman onların ürəklərinə qüvvət vermişdik.   Bizim bu camaat Allah`dan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində bir dəlil gətirməli deyildilərmi? Allah`a qarşı yalan uydurub düzəldəndən daha zalım kim ola bilər?! “Onları və Allah`dan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın”.  (Kəhf surəsi, 13-16)

Ayələrdən aydın olduğu kimi, Allah`ın dininə təslim olan bir mömin batil dinə mənsub olan insanlardan fikri olaraq tam mənası ilə uzaqlaşmalı, ayrılmalıdır. Bu, mütləq fiziki ayrılıq mənasını verməz. Əshabi-kəhf qarşı tərəfdən gələn hücum səbəbilə fiziki olaraq ayrılıb mağaraya girmişdir. Möminlər xüsusilə zehni yöndən batil dinə mənsub kəslərdən qopmalıdır. Hz. Yusif buna nümunədir. Misirdə özünə atılan bir böhtan üzündən zindana düşdüyü dövrdə zehni olaraq inkarçılardan tamamilə qopub ayrılmışdı. Zindanda özünə sual verənlərə belə demişdi:

(Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allah`a inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!  Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allah`a şərik qoşmaq yaraşmaz. Bu, Allah`ın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti  şükür etməz! "Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?! (Allah`dan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz  adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allah`ındır. O, sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların çoxu bilməz! (Yusif surəsi, 37-40)

Bir başqa ayədə isə hz. İbrahim və onunla birlikdə iman edən möminlərin batil dinə mənsub olan cəmiyyətdən qopub ayrıldıqları nümunə göstərilir:

İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allah`dan başqa ibadət etdiklərinizlə  heç bir əlaqəmiz yoxdur. Biz sizi  inkar edirik. Siz bir olan Allah`a iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç bir vəchlə səni Allah`dan qurtara bilmərəm!” – deməsi istisnadır. “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır”. (Mumtəhinə surəsi, 4)

“Kafirun” surəsi isə möminlərlə batil din mənsubları arasındakı ayrılığın bir başqa ifadəsidir:

De: “Ey kafirlər!  Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm! Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz!  Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!   Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! Sizin öz dininiz var, mənim də öz dinim!”  (Kafirun surəsi, 1-6)

Mömin batil din mənsubları ilə özü arasındakı ayrılığı qəti olaraq son dərəcə xüsusi şəkildə etməlidir. İnkar edənlərin dininin heç bir istiqaməti, məsələn, dəyər mühakimələri, əxlaq qaydaları, davranış formaları, dialoq şəkilləri və s. möminlər tərəfindən mənimsənib tətbiq olunmamalıdır. Mömin batil dindəki rəftarları deyil, Quranda təsvir edilənləri etməklə  məsuliyyət daşıyır. Çünki Quranda möminlərin zadəganlığına, nəcibliyinə əxlaqına və inancına ən yaraşan yeriş şəkli və hətta səs tonu da təsvir edilir. Allah ayələrdə belə buyurur:

Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə  və  səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir! (Loğman surəsi, 18-19)

Ancaq burada bir xüsusa diqqət yetirmək lazımdır: batil dinlər fərqlidirlər və çoxu marksizmdə olduğu kimi, Allah`ı inkar etdiyini açıq şəkildə söyləyir. Buna qarşı, Qurandan öyrəndiyimiz kimi, batil dinlərin mənsublarının mühüm bir hissəsi Allah`a inandıqlarını, Ona itaət etdiklərini söyləyirlər. Ancaq bu səmimi olmayan bir iddiadır və həqiqətlə heç bir əlaqəsi yoxdur. Yaşadıqları həyat və mənimsədikləri əxlaq anlayışı bu iddialarına ziddir. Bir ayədə batil din mənsublarının sözügedən iddialarına belə nümunə verilir:

Bil ki, xalis din ancaq Allah`a məxsusdur. Allah`ı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allah`a yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!       (Zumər surəsi, 3)

Başqa ayələrdə isə batil din mənsublarından soruşduqda Allah`ın varlığını və qüdrətini qəbul etdikləri, ancaq dilləri ilə qəbul etdikləri bu həqiqətin mənasını qavraya bilmədikləri və Ondan qorxmadıqları xəbər verilir:

De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir?” Onlar: “Allah`dır!” – deyəcəklər. De: “Bəs onda Allah`dan qorxmursunuz?  O, sizin həqiqi Rəbbiniz olan Allah`dır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə necə döndərilirsiniz?”  (Allah`ın itaətindən çıxmış) fasiqlərin iman gətirməyəcəkləri barədə Rəbbinin sözü  belə gerçək oldu. (Yunus surəsi, 31-33)

Həqiqətən, əgər: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram  etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar  niyə döndərilirlər?   (Ənkəbut surəsi, 61)

Bu səbəblə, batil dinləri təşxis edərkən diqqətli olmaq lazımdır. Batil dinlərin mənsubları Quranın  yalnız mənfəətlərinə zidd olmayan qismini qəbul edirlər. Amma dediyimiz kimi, qəbul etdikləri Quranın yalnız bir qismidir və Allah`ın hökmünə görə, Quranın bir qisminə iman edib, bir qismini qəbul etməmək inkardır:

Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar  əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki, onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.... (Bəqərə surəsi, 85)

Allah bir ayədə möminlərə belə buyurur:

Ölü heyvan, qan, donuz əti, Allah`dan başqasının adı ilə  kəsilmiş, boğulmuş,  vurulmuş, yıxılaraq ölmüş,  vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar  üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa, günaha meyil etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!.. (Maidə surəsi, 3)

Allah bizlərə din olaraq İslamı seçmişdir. Yeganə doğru yol odur və ondan başqa hər yol (hər din) batildir. Biz düşüncələrimizi, davranışlarımızı, danışmağımızı,  yaşamağımızı Allah`ın dinindən öyrənməklə məsuliyyət daşıyırıq.

Buna görə, müsəlmana düşən yaşadığı cəmiyyətin vəziyyətini Quranın meyarları ilə təhlil etmək və ona görə davranmaqdır. Əgər  yaşadığımız cəmiyyətin üzvləri özlərinə Rəbb olaraq Allah`ı deyil, bir-birlərini və ya atalarını qəbul etmişlərsə, özlərinə yol göstərici olaraq Allah`ın kitabını deyil, başqa qaynaqları müəyyən etmişlərsə, Allah`ı unudub Onun hökmlərindən üz çevirmiş olurlar.

 

NƏTİCƏ

Kitab boyu adamlıq dininin yaşadığımız cəmiyyətdə ortaya çıxan bəzi mühüm yönlərini araşdırdıq. Ancaq bu, bir həqiqətdir ki, adamlıq dini yalnız yaşadığımız dövr və cəmiyyətə aid batil bir din deyil. Əksinə, bu şeytani din hər dövr və hər coğrafiyada haqq dindən  azmış  cəmiyyətlərin ortaq dini vəziyyətindədir. Yalnız bu saxta dinin şəkillərində bəzi dəyişikliklər vardır. Zaman və coğrafiyaya görə cəmiyyətlərin adətləri, davranış formaları dəyişir, amma əsas məntiq eynilə qalır. Məsələn, adamlıq dininin ən mühüm xüsusiyyətlərindən biri olan göstəriş müxtəlif cəmiyyətlərdə müxtəlif şəkillərdə reallaşır və ya qürur və özündən razılığın ətrafa biruzəsi fərqli tərzlərdə edilə bilir. Amma nəticədə əsas məntiq eynidir.

Bu məntiq başdan bəri vurğuladığımız kimi, adamlıq dininin Allah`ı unutmasının bir nəticəsidir. Quranda belə buyurulur:

(Şüeyb) dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə Allah`dan da əzizdir ki, Onu unudub saymırsınız?... (Hud surəsi, 92)

Bu saxta dinin mənsubları bu dünyaya Allah`a qulluq etmək üçün gəldiklərini, tək qurtuluşun Onun razılığı olduğunu bilməzlər. Halbuki, bizi yaradan, bizə analarımızın bətnində şəkil və surət verən, bizi dünyaya yerləşdirən, bu dünyanı bizim üçün döşəyib-hazırlayan, bizə ruzi verən, bizi yaşadan və öldürəcək olan Allah`dır. Bizim Ondan başqa heç bir vəlimiz, Rəbbimiz, sahibimiz, İlahımız yoxdur. Ondan gəldik və  Ona gedirik. Bu dünyada da çox qalan deyilik.

Madam  ki, varlığımızın əsl mahiyyəti budur, o halda, keçici müddət ərzində qalacağımız dünyanın kiçik mənfəət hesablarına girmək, dünyada bir-birimizə lovğalanmaq, yox olmağa məhkum olan mal və mülkə tamahla bağlanmaq, Allah`ın dinindən kənar özümüzə başqa yol göstəricilər, başqa məqsədlər, başqa iddialar seçmək ağıllı hərəkət deyil. Dünya axirətin tarlası olaraq yaradılmışdır. Axirətdə Allah`ın rəhmətini və cənnətini qazanmağımız, bu dünyada dinc yaşamağımız ancaq Allah`a tabe olmaqla, Allah`a sarılmaqla mümkündür. Necə ki, bizə əmr edilən də budur:

... Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi. Allah bundan əvvəl də, bunda da sizə müsəlman adını verdi ki, Peyğəmbər  sizə, siz də insanlara şahid olasınız. Elə isə namaz qılın, zəkat verin və Allah`a sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O, nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! (Həcc surəsi, 78)

Bütün bu kitab boyu araşdırdıqlarımız, bizlərə adamlıq dininin çıxardığı səhv düşüncəni, adət və davranışları göstərir. Adamlıq dininin sözügedən  xüsusiyyətlərini Quranda təsvir edilən haqq dinlə müqayisə edincə ikisinin arasında nə cür böyük  fərq olduğu açıq şəkildə ortaya çıxır. Bu fərq imanla küfr arasındakı fərqdir. Başqa cür desək, Allah`ın dini ilə şeytanın çıxardığı batil din arasındakı fərqdir. Buna görə, adamlıq dini ilə İslam dini arasında hər hansı bir bənzərliyin olması, müsəlmanların adamlıq dininin hər hansı bir qismini mənimsəməsi söz mövzusu ola bilməz. Buna görə də mömin adamlıq dini cəmiyyətində dərhal seçilir; cəmiyyətin üzvləri, onun özlərindən olmadığını qısa müddətdə anlayırlar. Amma öz dinlərinə bu qədər zidd  xüsusiyyətə necə sahib olduğunu anlamazlar. Möminin məntiqi onların məntiqinə tamamilə ziddir. Onsuz da bu səbəbdən tarix boyu adamlıq dini mənsubları möminlərin necə bir məntiqə sahib olduqlarını qavraya bilməmiş və hətta onları dəlilikdə günahlandırmışlar.

Halbuki, əsl özlərinin yaşadıqları sistemin heç bir əsaslı, məntiqli dayağı yoxdur. Sözlərinin çoxu bir-birinə zidd olur. İslama tabe olmağın  lazım olduğunu söyləyirlər, sonra da buna özlərinə görə məhdudiyyətlər gətirirlər. Dinin bəzi hökmlərini öz səhv düşüncələri ilə bəyənir, amma “həddindən artığ”a qaçmağın lazım olmadığını söyləyib bəzi hökmlərin tətbiq olunmasını lazım bilmirlər. “Biz müsəlmanıq”, -deyirlər, amma İslama görə yaşamaq istəmədiklərini söyləyirlər.

Bu məntiqdən kənar, ziddiyyətli sözlərdən də aydın olduğu kimi, hər hansı bir adamlıq dini mənsubunun dini mövzular haqqında etdiyi şərhlər, qarşıya qoyduğu fikir və düşüncələr Quran ayələrinə tamamilə ziddir. Quranda bu  insanlardan belə bəhs edilir:

İnsanlar içində eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri və nurani  kitabı olmadan Allah barəsində mübahisə edər.  O, boynunu əyərək (insanları) Allah`ın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq! (Həcc surəsi, 8-9)

Halbuki, Qurandakı gerçək dini anlayıb tətbiq etmək üçün tam bir şüur açıqlığına və ağıla ehtiyac vardır ki, bu xüsusiyyətlərə sahib olanlar ancaq möminlərdir. Kafirlərin və müşriklərin isə şüur və hisslərinin bağlı olduqlarını Allah bir çox ayəsində ifadə etmişdir:

Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə surəsi, 7)

Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də,  daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)

... (Münafiqlərin yaramaz işlərindən, qəbahətlərindən xəbər verən) bir surə nazil edildiyi zaman bir-birinə baxıb: “(Müsəlmanlardan) sizi görən varmı?” – deyə soruşur, (görən yoxdursa) dönüb aradan çıxırlar. Onlar anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini döndərmişdir!  (Tövbə surəsi, 127)

Buna görədir ki, adamlıq dini ağılsız və şüursuz insanların batil dinidir. Halbuki, ağlı və vicdanı onu din əxlaqını yaşamağa yönəldir ki, insanın gerçək şanı, şərəfi və əbədi xoşbəxtliyi bu dindədir.

İki din arasındakı seçim insana aiddir. Bir ayədə mövzu belə açıqlanır:

Dində məcburiyyət  yoxdur. Artıq doğruluq  azğınlıqdan  ayırd edildi. Hər kəs taqutu inkar edib Allah`a iman gətirsə, o, artıq  ən möhkəm bir ipdən  yapışmış olur. Allah eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)

İnsanların bir  çoxunu  özləri fərqində olmadıqları halda, təsiri altına almış batil bir din vardır. Bu, özünü açıq  biruzə verməyən  gizli bir dindir. Heç bir yazılı qaydası yoxdur. İnsanların hərəkət və davranışlarını, düşüncələrini təsiri altına alır. Bir çox insanlar fərqində olmadan həyatları boyu bu batil dinin qaydalarını tətbiq edir, bu batil dinin əmr və qadağalarına görə yaşayırlar.

Bu batil dinin qanunları ilə yaşayan insanlardan soruşduqda: “Mən müsəlmanam”, -və ya: “Mən xristianam”, -deyə bilərlər. Dinsiz, hətta ateist də ola bilərlər. Lakin hər biri, əslində, bu gizli dinin mənsubudur.

Bu din  başlanğıcda insanlara bütöv şəkildə təklif edilmir. İnsanlar bu batil dini dünyaya gəldiklərindən etibarən aldıqları təlqinlərin nəticəsində mənimsəyirlər. Buna görə, hərəkət, düşüncə, rəftar, hətta mimikalarının belə bu batil dindən qaynaqlandığını dərk etməzlər.

Bu batil din ona bağlananlara hədəf olaraq adam olmağı göstərir. Adam olmaq bu batil dinin dəyər mühakimələrini mənimsəmək, qaydalarını, qadağalarını və davranış formalarını tətbiq etmək, xüsusiyyətlərini üzərində daşımaq deməkdir. Cəmiyyətdə qəbul edilmək, mühakimə olunmamaq,  müəyyən bir mövqeyə çatmaq  üçün adam olmaq şərtdir.

Bu batil din adam olmağın dinidir. Biz də buna qısa olaraq “Adamlıq dini” adını veririk.