Adamlıq dinində evlilik dövrü gənc qız və oğlanın müəyyən yaşa gəlməsi ilə başlayır. Artıq ata və ana uşaqlarının “mürvətini” görmək və illərlə verdikləri əməklərinin qarşılığını yavaş-yavaş almaq istəyirlər. Ümumiyyətlə, adamlıq dininin evlilikləri eşqbazlıqdan fərqli olaraq təbii tanışlıqlarla olmur. Müəyyən yaşa gəlmiş oğlan və qızların mütləq evlənməsinin lazım olduğu düşünüldüyü üçün bunu təmin etmək üçün bir çox üsullardan istifadə olunur. Əgər şəxslər bunu bacara bilmirlərsə, bu vəziyyətdə iş ailələrinə, qohumlarına və dostlarına düşür. Əvvəlki hissədə bəhs etdiyimiz eşqbazlıq dövrü evliliyə gedən bir addım olaraq görülür. Lakin bu, kəslər tərəfindən yaxşı qiymətləndirilmədikdə evlilik üçün süni görüşlər və tanışlıqlar nizamlanır. Bu görüşlərin hər yerdə tanınan ustaları olur. Çevrədə gəncləri bir yerə gətirməsiylə məşhur olan bu yaşlı kişilər vaxtlarını uyğun mədəniyyətə, zənginliyə, gözəllik və mühitə sahib gəncləri axtarmaqla keçirirlər. Demək olar, hər ailənin belə bir böyüyü və ya tanışı vardır.
Beləcə, evlilik dövrünün tanışlıq mərhələsi başlayır. Tanışlıq nizamlandıqdan sonra iki tərəf də bir-birlərini ailələrinin onlara öyrətdiyi süzgəcdən keçirməyə başlayır. Nəhayət, ailəsinin kiçiklikdən bəri onun üçün xərclədiyi zaman və imkanın qarşılığını onlara vermə zamanı gəlmişdir. Yaxşı evlilik həm çevrəsi, həm özü və həm də ailəsi üçün lazımlı və şərtdir. Tanışlıqdan sonra əgər hər iki tərəf də bir-birinin yaşadığı mühiti, ictimai mövqeyini, paltarının markasını və ya avtomobilini bir-birlərinə uyğun hesab etmişdirsə, tanışlıqdan sonra yemək və görüş hazırlanır. Bu görüş üçün paltar seçmək olduqca uzun vaxt aparır. Hər iki tərəf davamlı bu görüşdə nə geyəcəyini düşünür. Hətta bu düşünmə hadisəsinə ailələr və yoldaşlar da qatılır və geyiləcək paltar birgə təyin edilir.
İki tərəfin evliliyə razı olması üçün o qədər uzun zamana ehtiyac olmur. Qadın kişinin özünü dolandıracağına ümid edərsə, evlənər. Kişi də qadının özünü iş və ya ictimai mühitdə yaxşı təmsil edəcəyinə, yanında yaxşı görünəcəyinə razı olmalıdır. Nişan qərarlaşdırılır. Nişan görüşün cəmiyyət tərəfindən təsdiqlənmiş halıdır.
Səmimiyyətsizlik əvvəldən etibarən hadisənin ən diqqətə çarpan xüsusiyyətidir. Kişi aldığı çiçək və hədiyyələrlə imkanını daha da çətin duruma salır. Özünü qıza və ailəsinə nümayiş etdirərək zəngin və comərd göstərməyə çalışır. Çünki qızla evlənməsi haqqında zənginliyi ilə əlaqədar əldə edilən imicə bağlıdır. Bu vaxt ərzində pul xərcləməkdən çəkinmirlər, çünki həmin xərc irəlidə iki tərəfə də ev, pul, paltar və s. olaraq artıqlaması ilə qayıdacaq. Ailə qısa zamanda kürəkən haqqında bir növ ictimai araşdırma aparır. Hər kəsin kürəkən haqqındakı fikirlərini öyrənirlər. Əsl məqsədləri “necə adamdır, haqqında nə deyirlər?” sualına cavab tapmaqdır. Kürəkənin gəlir səviyyəsi, malı-mülkü haqqında məlumat toplayıb yaxın çevrəyə danışırlar. Əgər maddi vəziyyəti yaxşıdırsa, xarici görünüşü və əxlaqı o qədər əhəmiyyət daşımır.
Bundan sonra, ailələr görüşməyə başlayır. Bu görüş bir növ alış-veriş görüşüdür. Qızın ailəsi qızlarının qarşılığında nə alacağını hesablayır. Bu, birbaşa pul olmasa belə, şan-şöhrət, ev, mebel kimi bir qarşılıqdır.
Qərar verildikdən sonra toy üçün pul yığılmağa başlanır. Qıza hədiyyələr alınır. Nişanı qız tərəfi edir. Qarşılığında möhtəşəm bir toy gözləyir. Hansı tərəfin bu iş üçün nə qədər pul xərcləyəcəyi əvvəldən müəyyən olunmuşdur. Tam olaraq xərci bölüşürlər. Toydakı içkilərə qədər tərəflərin nəyin pulunu ödəyəcəyi müəyyən edilmişdir. Ailənin maddi durumu xərclərə yetməsə belə, borcla və ya bir şey satmaqla bunu yoluna qoyurlar. Qarşı tərəfə görə xəcalət çəkib kasıb görünməmək bu mühüm dövrdə çox əhəmiyyətlidir.
Hər iki tərəfin də yaxın çevrələri pulsuz yeyib-içib əylənmək üçün toyu dörd gözlə gözləyirlər. Lakin bir tərəfdən də gəlin və kürəkənə hədiyyə almaları, zinət əşyaları taxmaları gərəkdiyi üçün sıxıntı çəkirlər. “Ən ucuz hansı hədiyyəni ala bilərik?” problemi başlayır. Gəlinlə kürəkənin atalarından mənfəəti olanlar yaxşı hədiyyə taxır, yaxşı ailə dostu kimi davranırlar.
Adamlıq dininin evliliklə əlaqədar mərasimlərinə baxıldığında dünya həyatının aldadıcı bəzəyi olan nümayiş marağı və insanların razılığını qazanma xəstəliyi ən üst səviyyədə müşahidə edilir. Ailələrin nişan, toy kimi cəlbedici mərasimlər təşkil etməsindəki əsas məqsəd özlərini insanlara nümayiş etdirməkdir. Məsələn, cehiz açılma günləri bütün qonşular evə çağırılır. Əşyalar nümayiş etdirilib hər kəsə- dosta, tanışa göstərilir. Qonaqlar isə çox bəyəndiklərinə dair şişirdilmiş reaksiyalar verirlər. Ancaq çox vaxt öz evlərinə döndüklərində nə qədər pis, işə yaramayan şeylər alındığı haqqında müzakirələr edirlər.
Toy psixologiyası
Adamlıq dinində insanların həyatında çox əhəmiyyət verdikləri müəyyən dönüş nöqtələri vardır, bunlardan biri də toylardır. Toy xüsusilə qadınlar üçün o qədər mühümdür ki, o gün gəldiyi zaman hər şeyin dəyişəcəyini, bütün xəyallarının reallaşacağını düşünürlər. Lakin bir çox adam üçün toy günü həyatlarının ən çətin və ən gərgin keçən günüdür. Çünki çoxusunda yaşanan gərginlik və təvəkkülsüzlük səbəbilə toylarda böyük sıxıntı yaşanır. Bunun səbəblərindən bəziləri aşağıdakı kimidir.
Toyda gəlin, kürəkən və ailələri müəyyən mənfəət güdərkən qonaqların da özlərinə məxsus ayrı mənfəətləri olur. Nişan və toylar qonaq ailələrin uşaqlarına yaxşı namizəd tapmaq üçün ideal yerlərdir. Bu səbəblə, qızlarına və ya oğullarına mümkün qədər bahalı paltarlar geydirib özlərilə aparırlar.
Toyda həyəcanlı danışıqlar olur. Bəziləri yerli-yersiz, səbəbsiz ağlayır. Niyə ağladığını özü də bilmir. Ən çox ailənin yaxınları və böyükləri ağlayırlar. Arada: “Əlimdə böyüdü”, - deməyi də unutmurlar. Gəlin səhər erkəndən paltar və saç hazırlığına başlayır. O günün bərbər xərcləri olduqca çox olur. Hamı şən və comərd görünür. Qız tərəfi bərbərin əlaltılarına o günə qədər heç vermədiyi bəxşişləri verir, aristokrat və zəngin görünməyə çalışır. O gün hər kəs professional bir təşkilatçı kimi davranır. Ətrafa əmrlər verib pul səpələyirlər. Ana lazımlı-lazımsız hər şeyə və hər kəsə pul verir; ata buna görə mübahisə edir. Toy günü tez-tez bir küncə çəkilib ağlayanlar da olur.
Daha sonra, növbə şəkil çəkdirməyə gəlir. Şəkilçəkən üzərində bulud şəkilləri olan qırmızı, mavi, ağ rəngli bez fonların qarşısında gəlini bir kürsüyə oturdur. Kürəkən gəlinin yanında poza verir. Səmimi olmadığı açıq-aydın müəyyən olan şəkillər çəkdirirlər. Bu şəkillər daha sonra ömür boyu hamıya göstəriləcək. Çəkilmə məqsədləri də budur. Gəlinin necə toy edib hansı növ gəlin paltarı ilə evləndiyini, kürəkənin gənc ikən necə lovğa olduğunu irəlidə hamı görməlidir.
Nikaha gedərkən avtomobilin ətrafı arı pətəyi kimi dolur. Avtomobilin arxa şüşəsinə zərli karton hərflərlə yazı yazılır. Bunlar gəlinlə kürəkənin baş hərfləridir. Avtomobilin nömrəsində “evlənirik”, “evləndik” və ya “xoşbəxtik” kimi qəlibləşmiş yazılar olur. Bir çoxları avtomobilin qarşısına kukla qoyur. Bu, daha sonra doğulacaq körpənin simvoludur. Ailələr gəlinlə kürəkənin harada nə edəcəyinə, kimə nə cavab verəcəyinə, harada gülümsəyib, harada ağlayacağına əvvəldən qərar verirlər.
Toya gələn qonaqlar da kiçik mənfəət güdürlər. Yaxında qızını nişanlayan və ya evləndirənlər yaxşı zinət taxır ki, irəlidə öz qızına da bahalı şeylər gətirsinlər. Zinətləri ən çox görünən şəkildə, toy salonunun ortasına qədər gələrək hamıya göstərə-göstərə taxırlar. Qonaqların hamısı gecənin ulduzu olmağı istəyirlər. Paltarlar da elə ona görə nizamlanır. Tərəflər bijüteriya taxma mərasimini video kamera ilə yazırlar. Məqsəd kimin nə taxdığını müəyyən etməkdir. Qonaqlardan biri bijüteriya taxanda onunku ilə eyni dəyərdə olanı taxmaq əsas sayılır. Daha yaxşısını taxmaq həriflik, daha pisini taxmaq isə kasıblıq əlaməti kimi qəbul edilir. Hamı boynuna düşəni edir. Qonaqlar pulsuz yemək yeyəcəkləri üçün xoşbəxtdirlər. Ailələr də həm lovğalanır, həm də yaxşı alış-verişin sevincini yaşayırlar. Gəlin və kürəkən isə olduqca yorğun və narahatdır. Toydakılar bütün masaları gəzib bir-birini qucaqlayırlar. Hər kəsin gözü üst-başındadır. Xüsusilə diqqətli davranmaq məcburiyyətindədirlər.
Təsvir etdiyimiz toydakı insanların hamısı bənzər şeyləri düşünürlər: digər insanlara nümayiş etdirmək, maddi hesablar və diqqətlə yerinə yetirilməsi lazım olan səmimiyyətdən uzaq davranışlar. Buna qarşı, bu insanların demək olar heç biri Allah`ı düşünmür. Heç biri məşğuliyyətindən ayrılıb Allah`ı düşünməyi, Onu təsbih etməyi, Rəbbimizə həmd etməyi düşünmür. Hərəkətlərinin Allah`ın razılığına uyğun olub-olmadığı mövzusunda da müqayisəni də düşünməzlər. Lazımsız yerə xərclədikləri pulun israf hökmünə girə biləcəyinin fərqində olmazlar.
Əvvəlki səhifələrdə saydıqlarımız adamlıq dini cəmiyyətində mədəni, ictimai və maddi yönlərdən standart səviyyəyə sahib bir çoxlarının evlilik əsnasında göstərdikləri klassik hərəkət və davranışların, sahib olduqları psixologiyaların bir təsviridir. Təbii ki, bundan daha fərqli psixologiyada və fərqli mühitdə evlənənlər də vardır. Cəmiyyətin müxtəlif qisimlərinin evlilik mövzusunda istər tanış olma, istər evliliyə hazırlıq, istərsə də mərasimlər baxımından bir-birindən olduqca fərqli tərzləri ola bilər. Kimisi elçi gedir, kimisi ailə və ya vasitəçi vasitəsilə tanış olur, kimisi oxuduğu universitetdə və ya işlədiyi yerdə və kimisi də dost çevrəsində evlənəcəyi adamla tanış olur. Kimisinin toyu adi bir toy salonunda, kimisinin də beş ulduzlu oteldə dəbdəbəli və ehtişamlı olur. Kimisi daha klassik, adət və ənənələrə uyğun bir tərz seçir, kimisi daha müasir, avropasayağı tərzi tərcih edir, kimiləri də fərqli və orijinal bir şeylər edib diqqət çəkməyə çalışır. Ancaq fərqli olan yalnız məkanlar, dekorasiyalar və ya cütlərin bir-birilə tanış olma şəkilləridir. Mühüm olan nöqtə adamlıq dini cəmiyyətinin hər təbəqəsində evliliyin son dərəcə səhv bir məntiqlə tətbiq olunmasıdır. Evlilik bir-birini sevən və hörmət edən iki insanın nikah bağlaması deyil, içində yüzlərlə cahiliyyə adətinin və qəribə ayinlərin yer aldığı, mənfəət hesablarına əsaslanan, səmimi olmayan və riyakar davranışlarla bəzənmiş qəribə bir müəssisə halını almışdır.
Mədəni və ictimai mövqeyindən asılı olmayaraq, hər təbəqədən adamlıq dini mənsublarının nümayiş, lovğa və mənfəətləri ilə evliliyə qarşı məntiq və psixologiyaları eynidir: yəni “Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. (Hədid surəsi, 20)” ayəsində bildirilən düşüncəni daşıyıb tətbiq edirlər. Onsuz da adamlıq dinində ən çox Allah`ın razılığını qazanmaq, Allah`ın hədlərini qorumaq, Onun vacib buyurduğu şəkildə həyatı yaşamaq kimi anlayışlar yer almadığına görə, geriyə qalan yeganə yol nəfs, həvəs və istəklərin yolu olur. Şəkil və üsullar dəyişsə də, zehniyyət həmişə eyni qalır.
Evləndikdən sonra
Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, yanlış zehniyyət evləndikdən sonra da davam edir. İlk günün səhəri bir-birlərini yataqdan qalxdıqları halları ilə görən kişi və qadın ilk peşmanlıq duyğularını yaşayırlar. Çoxları daha əvvəldən özlərini o vəziyyətdə görmədikləri üçün bir-birlərinə yad gəlməyə başlayırlar. Eyni evin içində yaşamağa başlayınca bir-birlərinin daha əvvəl bilmədikləri vərdiş və xarakterlərindəki anormallıqlara şahid olmağa başlayırlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxilən bəslədikləri bu mənfi duyğular zamanla artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri vərdiş halına çevrildiyini görürlər.
İlk aylar ayıb olmasın deyə, özlərinə bu hisslərini fərq etdirməyən və yaxşı dolanmağa çalışan ər-arvad zaman keçdikcə hörmətlərini itirməyə, kobud, qəlb qıran, səbirsiz və düşüncəsiz olmağa, bir-birlərindən soyuduqlarını müəyyən edən hərəkətlər göstərməyə başlayırlar. Lakin bunu ətrafa sezdirməzlər. Ancaq ətrafları onsuz da bunun fərqindədir və bu müddət təbii hadisə kimi qəbul edilir. Evliliyin ilk günlərinə bal ayı deyilməsi bunun maraqlı bir göstəricisidir; aydındır ki, qısa bir müddət sonra bal ayı bitəcək və bezginlik, sıxıntı, hətta mübahisə dolu aylar və illər başlayacaq.
Evliliyin irəliləməsilə birlikdə uşaqlar, dolanışıq dərdi kimi ümumi problemlər və bunların doğurduğu psixoloji mühit evdə hakim olan quruluşu müəyyənləşdirir. Ev sakinləri arasında daimi gərgin və əsəbi münasibətlər yaşanır. Pul daimi danışılan mövzu olur. Ər-arvad arasında sahiblənmə, qısqanclıq kimi mövzular bitib-tükənməyən gərginliyə və mübahisələrə səbəb olur. Kişinin həmişə işindən bəhs etməsi, arvadının danışdıqlarını dinləməməsi, davamlı televiziyaya tamaşa etməsi, arvadına və uşaqlarına qarşı diqqətsiz və əsəbi olması evin təbii mühitini meydana gətirir.
Evə dağınıqlıq hakim olur. Ayrıca, təmizliyə də diqqət yetirilmir. Buna görə, çöldən gələn birinin normal zamanda evin halını görməsi istənilməz. Evdəki mebellər, dəstlər, süfrələr və s. kimi əşyalar ev sakinlərinin rahatlığından çox çöldəki insanın təqdirinə görə nizamlanır. Qonaqlar üçün xüsusi bir otaq ayrılır. Bu otaqda ev sakinləri çox oturmazlar, ora evin nümayiş etdirilən qismidir. Evin ən bahalı və yaxşı əşyaları orada qonaqlara nümayiş etdirilir. Təbii ki, bir insanın qonaqları üçün xüsusi yer hazırlaması və onların rahat olması üçün çalışması gözəl əxlaq xüsusiyyətidir. Ancaq daha əvvəl də ifadə etdiyimiz kimi, adamlıq dinini yaşayan insanlarda qonağa xüsusi otaq hazırlanmasının məqsədi o adamın rahatlığının düşünülməsi deyil, lazımi kimi lovğalanacaq imkanın təmin edilməsidir.
Uşaqlar isə evdən sonra ən böyük nümayiş ünsürüdür. Əvvəldən etibarən uşaq anlayışında böyük yanlışlıq vardır. Ata və ana uşağa sahiblənir, ona sanki özlərinin həyat verdiyini düşünür və davranırlar. Hər şeyi Allah`ın yaratdığını və Onun hər şeyin gerçək sahibi olduğunu düşünməzlər. Uşağa sahiblənən ata-ana bir müddət sonra ondan istifadə edib hamıya nümayiş etdirir, loru dilində desək, forslanmağa başlayırlar. Uşağın ağıllı və ya gözəl olduğunu tez-tez dilə gətirib bununla öyünürlər. Elə davranırlar ki, sanki uşaqdakı gözəllik və ya zəka özlərindən qaynaqlanır. Hətta uşağın hər hansı bir gözəl xüsusiyyəti haqqında “mənə oxşayır, ona görə elə olub” kimi ifadələr işlədərək özlərinə pay çıxarırlar. Zaman keçdikcə uşaqla lovğalanmağın ölçüsü genişlənir. Oxuduğu məktəbləri, yoldaş çevrəsini, gəzdiyi yerləri lovğalıqla tanışlarına danışırlar. Adamlıq dininə mənsub olan ailələrdə uşaqla öyünməklə yanaşı, uşağı həyatın məqsəd və mənası edilməsi də çox məşhurdur. Bəzi ata-analar uşaqlarını həyatlarının tək məqsədi kimi görür, bütün həyatlarını onlara yaxşı gələcək hazırlamağa həsr etdiklərini söyləyirlər. Halbuki, bütün insanların həyatlarının tək məqsədi Allah`a qulluq etmək olmalıdır. Həyat ancaq Allah`a həsr edilər. Bir insanın uşağına baxması ancaq Allah rizası üçün edilən bir ibadətdir.
Qadınların bütün həyatı evlilik hədəfinə görə nizamlanır. Gənclikdən etibarən bu hədəf həyatın ən mühüm məqsədi kimi qəbul edilir. Qızların çəki, paltar, təhsil, zövq və çevrələri həmişə yaxşı və mənfəətli evliliyə görə nizamlanır. Gənc qızların çoxu universitetə ər tapmaq üçün gedirlər. Çünki ər, xüsusilə də varlı bir ər həyatın zəmanəti olaraq görülür. Gənc qadın xəyalında özünü dolandıracaq və qoruyacaq bir ər modeli canlandırır və bütün gənclik dövrünü onu tapmaq üçün keçirir. Halbuki, Quranda bizə bildirildiyinə görə, insana ruzi verən, onu qoruyan, özündən kömək ümid edilməyə layiq olan ancaq və ancaq Allah`dır.
Bu məntiqdəki evlilik iki insanın bir-birinə olan sevgisini ifadə etmənin qanuni bir vasitəsi olmaqdan çıxır və tez-tez ifadə edildiyi kimi, bir “müəssisə”yə çevrilir. Evlilik dövründə bu “ticari” müqaviləni müvəffəqiyyətlə tamamlamağın həyəcan və sevinci yaşanır. Ancaq qısa bir müddət sonra ortaya çıxan diqqətsizlik, sevgisizlik, hörmətsizlik və davranış pozuntuları insanlarda müəyyən bir şeydə səhv etdikləri hissini ortaya çıxarır. Necə ki, Allah`a yönəlib Quran əxlaqı ilə davranmadığında buradan geriyə dönuş yoxdur. Olsa belə, buna həll gətirməz. Çünki evlilikdən geriyə dönuş də eynilə evlilik kimi, adamlıq dininin şərtləri tətbiq olunaraq yerinə yetirilir, bundan sonrakı həyat da adamlıq dininin şərtlərinə uyğun olaraq davam etdirilir.
Əgər səhvi axtarmaq lazımdırsa, bunu müəyyən hadisələrin özündə deyil, bütün bunların kökündə yer alan, bu yanlış sistemin üzərində olan və insanları hər vəziyyətdə bədbəxtlik və ziyana aparan batil fəlsəfədə, yəni adamlıq dininin özündə axtarmaq lazımdır.
ADAMLIQ DİNİNDƏ EVLİLİK PSİXOLOGİYASI
(Hörmətli Adnan oktarın Kaçkar tv-dəki canlı reportajı(29 yanvar, 2009)
ADNAN OKTAR: Məsələn, qadın evlənəndə bəzi meyarlar axtarır. Əvvəl pulu; birinci dərəcədə pulu. Sonra təhsili, sonra yaxşı bir mövqedə olması, avtomobili, bağ evinin olması kimi; yəni belə xüsusiyyətləri axtarırlar. Bunu axtaranda onda Allah`ın ona verdiyi sevgidən istifadə edə bilməz insan. Onda o evin ona heç bir faydası olmaz. Ev yalnız ona saray kimi bomboş görünər. Heç bir təsiri olmaz. Avtomobili də yalnız onu bir yerdən başqa bir yerə aparan tənəkə yığını, bir metal yığını kimi görünər. Bunlar, Allah sevgisi və Allah eşqiylə məna qazanan şeylərdir. Dolayısilə, Peyğəmbərimiz (s.ə.v) deyir ki, malı üçün evlənən malından məhrum olar, gözəlliyi üçün evlənən gözəlliyindən məhrum olar. Bir gün qrip olar, soyuqlayar, gözəlliyi bir anda yox olub gedər, iyrənə bilər, insan heç ümid etmədiyi şeydən belə iyrənər. Məsələn, onun aciz bir halını görüb iyrənər və bir daha ondan xilas ola bilməz.
… Pul o tip insanlarda, əksinə, sıxıntı meydana gətirər. Çünki pulu qorumaq üçün daha çox tədbir görməlidir. Məsələn: “Çeklərim ödənmədi”, - deyir; ona görə acı çəkir. Pulu banka qoyur: “Bank müflisləşərsə, nə edəcəyik”, -deyir; yastığın altına qoyur, yenə olmur; küpə qoyur: “Küpü tapsalar”, - deyir. Yəni canını çox yandırır, çox narahat olur. Ancaq Allah eşqiylə insan rahatlıq tapa bilər, təvəkküllü və rahat olar. Yəni pul artdıqca insanların bir çoxunda narahatlıq və acı da artır. Bunu çöldə də, xarici aləmdə də görürük, bir çox hadisələr vardır, tək-tək nümunələr gətirmək istəmirəm, amma insanlar bunu ətraflarında çox görürlər.
Kateqoriyalar