Adamlıq dini

İnsanların çoxunu fərqində olmadan öz təsiri altına salmış batil bir din vardır. Bu, özünü birüzə verməyən, gizli bir dindir. Heç bir yazılmış qaydası yoxdur. Adı da yoxdur. Lakin insanların hərəkət və davranışlarını, düşüncələrini təsiri altına salır. İnsanların çoxu  fərqində olmadan həyatları boyu bu dinin qaydalarını tətbiq edir, bu dinin əmr və qadağalarına görə yaşayırlar. Bu batil din İslam, xristianlıq və ya yəhudilik deyil. Bu batil dinin qanunları ilə yaşayan insanlardan soruşduqda: “Mən müsəlmanam”, - və ya: “Mən xristianam”, -deyə bilərlər. Bəziləri də dinsiz, hətta ateist də ola bilərlər. Lakin hər biri, əslində, bu gizli dinin mənsubudur.

Bu batil din başlanğıcda insanlara bir din kimi tanıdılmır. İnsanlar bu dini dünyaya gəldiklərindən etibarən aldıqları təlqinlər nəticəsində  mənimsəyirlər. Buna görə də hərəkət, düşüncə, hətta mimikalarının belə bu dindən qaynaqlandığını düşünməzlər.

Bu batil din ona bağlananlara ilk olaraq ”adam” olmağı öyrədir. Adam olmaq bu dinin dəyər və mühakimələrini mənimsəmək, qayda və davranış tərzlərinə əməl etmək və həmin dinin xüsusiyyətlərinə yiyələnmək deməkdir. Cəmiyyət tərəfindən qəbul edilmək, mühakimə olunmamaq, müəyyən bir mövqe qazanmaq üçün adam olmaq vacibdir. Biz bu dinə qısa olaraq “Adamlıq dini” adını veririk. Adamlıq dini insanları səmimiyyətsizliyə, süni və məcburi davranışlara sürükləyir. Bu batil dinə tabe olan insanların çoxusu olduqları kimi rahat və təbii davrana bilmirlər. Yaşadıqları mühitə uyğun olduğunu düşündükləri davranış və hərəkətlərdən, mimikalardan istifadə edir,  hər rola girə bilirlər. Və buna rəğmən özlərinin son dərəcə təbii və normal həyat yaşadıqlarını zənn edirlər.

Bu batil sistem, nəticədə, özünə belə səmimi ola bilməyən, saxta şəxsiyyətə malik olan insan modellərini ortaya çıxarır. Hər cəhətdən çətin olan şeytani bir dinin cəmiyyətin bütün təbəqələrini təsiri altına salmasının ən mühüm səbəbi yuxarıda qeyd etdiyimiz kimi, adının olmamasıdır.  Bu şeytani dinin mənsubları dinlərini mühakimə etməyi, tərk etməyi, ya da dəyişdirməyi ağıllarının ucundan belə keçirmirlər. Çünki yaşadıqları sistemin bir din olduğundan xəbərsizdirlər. Tabe olduqları sistemi həyatın həqiqətləri,  dəyişilməyən qaydaları olaraq görməyi də bir fəzilət kimi zənn edirlər.  

İnsan yaşadığı bu halı tərk etmədikcə, adamlıq dinindən qopub ayrılmadıqca İslamı  əsl  mənasilə qavrayıb yaşaya bilməz. Çünki İslamın əsas şərtlərindən biri səmimiyyət və təbiilikdir. İnsanın İslamı yaşaması və bilavasitə əsl xoşbəxtliyi tapması ancaq Allah`a, özünə və digər insanlara qarşı son dərəcə səmimi olması ilə mümkün ola bilər. İman ancaq səmimiyyətin üzərinə qurulur. Adamlıq dininin təsirindən xilas olmaq üçün isə, əvvəlcə, bu şeytani dini təsvir etmək lazımdır. Bu kitabın məqsədi də budur. Növbəti  səhifələrdə adamlıq dininin xüsusiyyətlərini təfərrüatı ilə  araşdıracağıq.  

Oxucudan istənilən bu batil dinin xüsusiyyətlərini araşdırarkən özünü nəzərdən keçirməsidir. Çünki hər nə qədər qəbul etmək istəməsə də, adamlıq dininin hər kəsin üzərində müəyyən bir təsiri olur. İnsan həyatının hər anına müdaxilə edən bu dindən xilas olmaq üçün, əvvəlcə, diqqət və səmimiyyət lazımdır.

Haqq dinə qarşı olan adamlıq dini

Peyğəmbərimiz (s.ə.v) “Din nədir?” sualına cavab olaraq: “Getdiyiniz yoldur”, -cavabını vermişdir. Bu cavab mövzunu ən hikmətli şəkildə nəticələndirir. Din insan və cəmiyyətin bütün dəyərlərini, əxlaqını, həyat tərzini ehtiva edir. Məsələn, “Yusif” surəsinin 76-cı ayəsindəki “din” sözü bu mənadadır:

(Yusif doğma) qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa padşahın dininə görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allah`ın istədiyi isə müstəsnadır. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır! (Yusif surəsi, 76)

Quranda inkar edənlərin də bir dinə mənsub olduqları  müxtəlif ayələrdə xəbər verilir. Məsələn, firon hz. Musa haqqında qövmünə belə demişdir:

Firon dedi: “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini  çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”. (Mömin surəsi, 26)

Başqa ayələrdə də kafirlərin rəsulların gətirdiyi haqq dinə qarşı batil dinlərinə bağlılıqları belə izah edilir:

Onlar öz içərilərindən özlərinə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır! Əcaba, o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir. Onların əyanları çıxıb gedərək belə dedilər: “Gedin öz tanrılarınıza  möhkəm olun. İstənilən şey budur. Biz bunu sonuncu dində də eşitməmişik. Bu, ancaq bir uydurmadır. (Sad surəsi, 4-7)

Yazılanlardan aydın olduğu kimi, hər insanın bir dini vardır. Allah`ın dininə  tabe olmayanlar, hətta özünü ateist olaraq adlandıranlar belə, əslində,  dinsiz deyildirlər, batil bir dinin mənsubudurlar. Bu dinlərin bir qismi müasir dövrdə din olaraq tanınmaya bilər. Ancaq Quranda ifadə edildiyi kimi, hamısı bir dindir. Məsələn, marksizm də batil dindir, çünki bu ideologiya bir qisim insanların getdikləri yoldur. Marksistlər Marksın ortaya qoyduğu düşüncə sistemini mənimsəmiş, onun düşüncəsini qəbul etmişlər. Dünyanı onun qoyduğu meyarlara görə qiymətləndirirlər. Necə mövcud olduqlarını və ölümün nə olduğunu da Marksın (və Engelsin) elmdən kənar məntiqlərinə əsaslanaraq  açıqlayırlar. Qısacası marksizmə inanır, həyatlarını ona görə yaşayır və hadisələri ona görə qiymətləndirırlər.

Marksizm yalnız bir nümunədir. Ona bənzər yüzlərlə fərqli din (yəni fəlsəfə, düşüncə sistemi və s.) ola bilər. Marksizmə tamamilə zidd olan ideologiyalar da dindir. Təbii ki, bütün bu dinlər batil dinlərdir və əsasən də  insanları Allah`ın yolundan  azdırmaq  məqsədilə ortaya çıxmışdır.

Burada ən mühüm nöqtə budur: dünyada ideologiyası, fəlsəfəsi nə olursa olsun, haqq dindən uzaqlaşmış insanların tabe olduqları yeganə batil bir din vardır. Bu din də girişdə qeyd etdiyimiz və ana xətlərini vurğuladığımız “adamlıq dini”dir. Və şeytanın insanları haqq dindən  azdırmaq  və uzaqlaşdırmaq üçün istifadə etdiyi ən hiyləgər və ən təsirli silahlarından biridir.