Adamlıq dinindəki ortaq psixologiya və davranış formaları

5- Zalımlıq

Adamlıq dini cəmiyyəti son dərəcə mərhəmətsiz və duyğusuz bir hala salır. Bu səbəblə, xalqın böyük əksəriyyəti ətrafına qarşı son dərəcə düşüncəsiz və mərhəmətsiz olur. Buna görə, insanların gün ərzində dəfələrlə əhvalı pozulur, inciyir, ürəyi sıxılır. Adamlıq dininin zalımlığı səbəbiylə son dərəcə gərgin, əsəbi, əzablı bir həyat yaşayırlar. Hər kəsin çox  şən bildiyi insanların belə demək olar ki, hamısı axşam yatağına uzandıqda saatlarla ağlayıb daxilən böyük sıxıntılar yaşayan insanlardır. Çünki cəmiyyətin çoxuna adamlıq dini tam hakimdir və bu batil dinin gətirdiyi hər hərəkət, hər mimika insanlar üçün - özləri də eynisini etdikləri halda - dözülməzdir.

Məsələn, maddi vəziyyəti yaxşı olmadığı üçün iş yerinə hər gün eyni paltarla getmək məcburiyyətində qalan bir insan düşünək. Bu adam üçün hər gün eyni paltarı geyinmək böyük bir çətinlikdir. Çünki mütləq ətrafındakı insanlar bu haqda öz aralarında danışır, buna görə, ona dəyər vermir və “bu paltar əynində köhnələcək”, “yəqin sənin başqa paltarın yoxdur” kimi düşüncəsiz zarafatlarla lağ edirlər.

İş yerində, məktəbdə, bağ evində, kursda və ya bir qrupun olduğu hər hansı bir məkanda mütləq insanların arxasından danışan kəslərin olduğunu bilmək də çox sıxıntılı haldır. Çünki insanlar mütləq öz arxalarından danışılanları bir yolla eşidir və buna görə çox narahat olurlar.

Adamlıq dinində insanlar çox incə üsullarla bir-birlərinin əhvalını poza bilirlər. Məsələn, yeni paltar geymiş birinə: “Çox gözəl paltardır, amma sənə yaraşmır, dünənki paltarın sənə daha çox yaraşmışdı”, - demək qarşıdakı insanı alçaltmaq üçün edilir. Çünki adamlıq dinində tərif, iltifat və ya gözəllik dilə gətirilmir. Bu səbəblə, insanlar bir-birlərinin gözəl cəhətlərini tərifləmirlər. Saç stilini dəyişmiş birinə çox bəyəndiyi halda: “Bu da yaraşır, amma əvvəlki saç düzümün sənə daha çox yaraşırdı”, - demək də adamlıq dininin kinayəli üslublarından biridir. Hər gözəllikdə bir qüsur tapmaq və gözəl sözün yerinə qüsurlu olanı dilə gətirmək adamlıq dininin bir qaydasıdır. Məsələn, çox gözəl bir insanı “gözəldir, amma daha gözəllərini də gördüm”, “gözəldir, amma burası qüsurludur”, “gözəldir, amma gözləri yaşıl olsaydı, daha da gözəl olardı” kimi ifadələrlə tərifləməmək bu qaydanın tələbidir.

Başqalarının səhvləri və ya qüsurları ilə əylənmək də adamlıq dininin bir zalımlıq növüdür. Məsələn, insanın gözündəki qüsuru, çəp olması ilə zarafat etmək və arxasından: “Sənə baxır, yoxsa mənə, heç cür anlamıram”, - deyərək gülmək… Şikəst insanın əlinə bir şey verərkən “Yavaş ol ha, möhkəm tut” kimi zarafatlar etmək… Saçları tökülən birinə yeni çıxan dərmanların adını deyərək gülmək, “yeni saç əkmə üsulları kəşf olunub, sən də istifadə elə”, “bu gün bir-iki saçın yəqin yenə tökülüb” kimi zarafatlar edərək özü üçün sevinmək… Qısa boylu birinə “aşağıda havalar necədir?”, “aşağıdan dünya necə görünür?” kimi cahil sözləri söyləmək... Bütün bunlar adamlıq dinindən qaynaqlanan zalım üsullarıdır. Həmçinin, yıxılan birinə gülərək onu utandırmaq, paltarı sökük olan birini ələ salmaq, dili pəltək olan birini yamsılamaq da bu batil dinin zalımlıqlarından bəziləridir.

Bu cür hallarda zarafat edilən adam da bu zarafatlara adamlıq dininin davranışları ilə cavab verir. Məsələn, narahat olmadığını düşünsünlər deyə, gülərək cavab verir. Ancaq daxilində deyilənlərin sıxıntısını mütləq hiss edir. Və ya o da qarşı tərəfin bir qüsurunu üzünə vurur və bu çirkin davranışlar qarşılıqlı olaraq davam edir.

Mövzunun ardına keçid >>