Adamlıq dinindəki ortaq psixologiya və davranış formaları

6- əsəbiləşdirmək üsulları

İnsanları hirsəndirməyə çalışmaq adamlıq dininin digər mühüm xüsusiyyətidir. Xalq arasında insanların çoxu müxtəlif səbəblərlə bu üsuldan istifadə edir. Bəzisi sevmədiyi birini narahat etmək, bəzisi də özünə pislik edən birindən intiqam almaq istədiyi üçün əsəbiləşdirici tərzdə davranır. Bəziləri üçün isə hirsləndirmək sanki həyatlarının məqsədi olmuşdur. İnsanların zəifliklərini ortaya çıxarmaqdan və əsəbiləşdiyini görməkdən xoşlanır və bu şəkildə nəfsini təmin edir. Anasına, atasına, müəllimlərinə və yoldaşlarına qarşı hər davranışının əsəbiləşdirici bir tərəfi olur. Ancaq adamlıq dininin bu xüsusiyyəti insanlar tərəfindən açıq şəkildə tətbiq olunmur. Əsəbiləşdirməyin müəyyən üsulları vardır. Bunlardan bir neçəsi bunlardır:

Sakit  davranmaq

Qarşı tərəfi hirsləndirməkdən zövq alan insanlar bu üsula tez-tez əl atırlar. İnsanların əhəmiyyət verdiyi, həyəcanlandığı, təlaşlandığı mövzulara çox sakit münasibət göstərib qarşılarındakı insanı əsəbiləşdirirlər. Xüsusilə gənclərin ata və analarına qarşı olan münasibətində buna tez-tez rast gələ bilərsiniz. Məsələn, bayıra çıxmasına icazə verməyən anasından intiqam almaq istəyən  gənc qız onun bütün suallarına son dərəcə laqeyd və sakit  səs tonu ilə cavab verir.

Anası təlaş içində itirdiyi bir şeyi axtardığında və qızından kömək istədiyində sakit şəkildə: “Görmədim”, - deyərək başını çevirir və qəzetini oxumağa davam edir. Anası telefonda danışarkən bir şey qeyd etmək üçün kağız-qələm istədikdə asta-asta yerindən qalxıb ağır addımlarla qələmi və kağızı götürüb son dərəcə sakit halda bunları anasına aparır. Anası səmimi və şən şəkildə məktəbdə nə etdiyini soruşduqda yalnız: “Heç”, - deyə cavab verir. Gününün necə keçdiyini soruşduğunda yalnız: “Yaxşı”, - deyir. Çünki bütün bu davranışların qarşı tərəfi hirsləndirdiyini bilir.

Tələsən birinə onun işinə mane olacaq şəkildə yavaş davranmaq da adamlıq dinindəki hirsləndirmə üsullarından biridir. Məsələn, işə gecikən biri qapıdan çıxarkən otaqda çantasını unutduğunu söylədiyində son dərəcə ağır addımlarla çantanı götürüb yenə yuxulu şəkildə qapıya gətirmək sırf qarşı tərəfi hirsləndirmək üçün edilir. Şagirdinə böyük səylə dərsi izah etməyə çalışan müəllimi diqqətlə dinləməyib sonra da sakit bir səslə: “Mən heç bir şey  başa düşmədim”, - demək müəllimini hirsləndirərək nəfsini razı etmək istəyən cahiliyyə insanının davranışıdır.

Sakit davranmağın başqa bir yolu isə suallara heç cür tam cavab verməməkdir. Məsələn: “Evin hər yerini axtardım, amma ayaqqabılarımı tapa bilmədim, sən görmüsən?” - sualına yalnız: “Bəli”, - deyə cavab vermək də əsəbiləşdirmək taktikasıdır. Daha sonra: “Yaxşı, harada gördün?” – sualına: “Otaqda”, - cavabını vermək və hansı otaq olduğunu, yerini deməmək qarşı tərəfin bir çox sual soruşmasını tələb edir. “Hansı otaqda, otağın harasında, hansı şkafda, şkafın hansı rəfində” - kimi suallar verilir. Beləliklə, yalnız bir cümlə ilə həll edilə bilən mövzu dəqiqələrlə uzanır və qarşı tərəfi hirsləndirəcək  hal alır. Bu səbəblə, soruşulan suallara dolğun cavab verməmək adamlıq dininin hirsləndirmək üsullarından biridir.

Eşitməzlikdən, görməzlikdən və anlamazlıqdan gəlmək…

Ümumiyyətlə, bu üsuldan cahiliyyə cəmiyyətində münaqişəli kəslər bir-birlərindən intiqam almaq üçün istifadə edirlər. Beləliklə, az da olsa, intiqam aldıqlarını düşünürlər. Məsələn,  mübahisə etdiyi adamın  olduğu yerdə ona baxmadan danışmaq, sanki o mühitdə elə bir insan yoxmuş kimi davranmaq, hər kəsin zarafatına gülərkən onun zarafatına gülməmək, hər kəsə salam verərkən ona salam verməmək, hər kəslə vidalaşarkən onunla sağollaşmamaq, hər kəsin kefini soruşarkən onun yanından keçib getmək adamlıq dini meyarlarına görə: “Sənə dəyər vermirəm, xəbərin olsun”, - deməkdir.

Bu üsullar başqalarını hirsləndirməyi həyat tərzi halına gətirmiş insanlar tərəfindən də tez-tez tətbiq olunur. Özü ilə danışan birinin sözlərini çox yaxşı eşitdiyi halda: “Bağışla, nə dedin?” – və ya: “Nəsə deyirdin?” - kimi suallarla qarşı tərəfi çox əhəmiyyətsiz hesab etdiyini göstərmək adamlıq dininin davranışlarıdır. Anladığı mövzunu bir neçə dəfə izah etdirmək də hirsləndirmək növlərindən biridir. Məsələn, özünə: “Çox asta hərəkət edirsən, sürətli olsan daha yaxşı olar”, - deyən birinin nə söyləmək istədiyini çox yaxşı anladığı halda: “Necə yəni ağır?” – deyə soruşmaq qarşı tərəfi bu söylədiyinə peşman etmək üçün edilir. Anasının daha səliqəli olması üçün xəbərdar etdiyi gənc qızın buna cavab olaraq: “Necə daha səliqəli ola bilərəm ki?” – deyə cavab verməsi də əsəbiləşdirmək üsullarından biridir. Halbuki, hər insan sürətli hərəkət etməyin və ya səliqəli olmağın nə olduğunu uşaqlıqdan öyrənir.

Söz atmaq

Əsəbiləşdirməyin digər bir növü “söz atmaq” adlandırılan davranış pozuntusudur. Məsələn, bir tanışı vasitəsilə yaxşı işə düzəlmiş və vəzifəsi də yaxşı olan bir işçinin olduğu toplantı zamanı: “Kaş ki, bizim də tanışlarımız olsaydı, biz də asan yolla vəzifə sahibi olsaydıq”, - demək buna bir nümunədir. Və ya istəməyərək etdiyi bir səhvə görə zərərə səbəb olan birinin yanında: “Bildiyiniz kimi, bəzi insanların səhvlərinin cəzasını biz çəkirik”, - şəklində sözlər söyləmək də söz atmaq məqsədi ilə deyilir. Burada ad verməmək, xüsusilə: “Bəzi insanlar”, - deyə ifadə etmək adamlıq dininin qaydalarındandır.

İmtahanlarda dostunun həmişə özündən yaxşı qiymət almağını qısqanan bir şagirdin onun yanında: “Səhərə qədər oxuyan, amma heç bildirməyənlər var”, - deməsi də qarşı tərəfə söz atmaq üçündür.

Baxışla hirsləndirmək

İnsanlar, ümumiyyətlə, sözlə izah edə bilmədikləri şeyləri baxışları ilə qarşı tərəfə izah etmək yolunu seçirlər. Çünki baxışla edilən eyham heç bir zaman maddi olaraq isbat edilə bilmir və insanlar baxışlarındakı mənanı asanlıqla dəyişə bilirlər. Məsələn, qarşısındakına kinlə baxan biri: “O an həyəcanlandım, baxışlarım ona görə dəyişdi, yoxsa kinli filan deyiləm”, - dedikdə bunu hər kəs qəbul etmək məcburiyyətində qalır. Ya da baxışlarında kinayə olan birinin: “Yox, mən səni çox ciddi dinləyirəm, yadıma bir şey düşdü. Ona görə, baxışlarımda gülüş görə bilərsən”, - dediyi zaman heç kim buna etiraz edə bilmir. Çünki baxışdakı kinayənin maddi bir sübutu yoxdur. Ancaq insan baxışları ilə qarşısındakının hər cür müsbət və ya mənfi düşüncəsini müəyyən edə bilir. Bu səbəblə, cahiliyyə cəmiyyətində əsəbiləşdirmək üçün yalnız baxışlarından istifadə edən çoxlu sayda adam vardır.

Məsələn, insanlar mübahisə etdiyi biri ilə danışmaq məcburiyyətində qaldıqda ona son dərəcə mənasız və donuq bir baxışla baxırlar. Bu baxış qarşı tərəfi əhəmiyyətsiz hesab etdiyini bildirən və buna görə də qarşı tərəfi hirsləndirən  baxışdır. Nəfsinə ağır gələn bir mövzudan danışılanda göz qapaqlarını çox ağır şəkildə açıb-bağlayaraq və eyni anda da mənasız baxışlarla qarşı tərəfi dinləmək də adamlıq dininin bir parçasıdır.

Qarşı tərəfi əhəmiyyətsiz hesab etdiyini göstərərək hirsləndirmək üçün isə istehza ilə baxırlar. Bu üsul üzü gülməz ikən gözlərin gülməsidir. Qarşı tərəfin danışığını ciddi bir sima ilə, ancaq gözlərində kinayəli təbəssümlə dinləyən biri bu hərəkəti ilə: “Danış, amma söylədiklərin bir qulağımdan girir, o  biri qulağımdan çıxır”, - demiş olur.

Mövzunun ardına keçid >>