4 - Laqeydlik
Adamlıq dininin ən fundamental əsaslarından biri laqeyd olmaqdır. Çünki bu batil dində laqeydlik və diqqətsizlikdən sözdə ağıl, qabiliyyət və şəxsiyyət üstünlüyünü vurğulama üsulu kimi istifadə edilir. Çox əhəmiyyətli və hər kəsdən daha üstün bir şəxsiyyətə sahib olan insan təəssüratı verməyin yolunun laqeydlik olduğuna inanılır. Bu səbəblə, xüsusilə gənclər arasında laqeyd davranışlar çox geniş yayılmışdır.
Bir məktəbin ən məşhur qızlarını və ya oğlanlarını düşünün. Ümumiyyətlə, bu insanlarda təvazökar, hər kəsə qarşı sevgi dolu və səmimi münasibət görə bilməzsiniz. Çünki gözəl əxlaqın ən mühüm xüsusiyyətləri olan bu davranışlar cahiliyyə cəmiyyətində insanları hörmətdən salır. Adamlıq dininin mənsubları arasında məşhur olmaq üçün mümkün olduqca qürurlu və laqeyd olmaq lazımdır. Hər kəsə salam verməmək, ancaq salam verilən insan olmaq çox əhəmiyyətlidir. Sevgi göstərən deyil, ancaq özünə sevgi göstərilən adam olmaq da həmçinin. Ətrafındakılarla maraqlanmırmış kimi görünmək, biri səmimi münasibət göstərdikdə əhəmiyyət verməmək, yalnız bir neçə yaxın tanışı ilə səmimi olub bunlardan başqa hər kəsə laqeyd davranmaq da bu anormal davranışlara nümunədir.
Laqeydliyin ikinci bir tərəfi də vardır. “Vecinə almamaq” kimi adlandırdığımız bu tərəf cahiliyyə cəmiyyətinin demək olar ki, hamısına hakimdir. Bu əhvalda olan insanlar təhlükəni dərk etmir, dərk etsələr belə, mühüm hesab etmirlər. Çünki adamlıq dini təhlükəyə qarşı sakit reaksiya verməyi üstünlük olaraq qəbul edir. Buna görə, cahiliyyə cəmiyyətində diqqətsizlikdən qaynaqlanan ölümlər, şikəstliklər, xəstəliklər daha çox olur. Məsələn, kabelinin üstü açıq olan cihazı təmir etdirməyin əvəzinə: “Qoy qalsın, biz belə şeylərdən qorxmuruq”, -deyərək bu şəkildə istifadə etmək bu diqqətsizliyin bir göstəricisidir. Ya da elektrik şəbəkəsi köhnələn və hər an yanğın təhlükəsi olan bir mənzildə yaşayanların: “Eybi yoxdur, bu mənzil möhkəm mənzildir, heç nə olmaz”, - sözlərilə bu təhlükəni görməzlikdən gəlmələri… Hətta insanların bir çoxu: “Bizim canımız çox möhkəmdi, bizə heç bir şey olmaz”, - deyib illərlə həkimə getmir, xəstəlikləri üçün müalicəyə ehtiyac duymurlar. Adamlıq dinində bu laqeydliyə görə, bədənindəki xərçəngi, virusları bilmədən illərlə yaşayan və xəstəliyi aşkar olduqda artıq ölümcül halda olduğu təyin olunan insanlar çoxdur.
Bu diqqətsizliyin səbəb olduğu başqa bir təhlükə isə ətrafına zərər vermə ehtimalıdır. Məsələn, bəzi insanlar 3-4 yaşındakı uşaqlarını “heç nə olmaz” düşüncəsi ilə evdə tək qoyurlar. Evə qayıtdıqda uşağın sobaya toxunub yandığını və ya qazı açdığı üçün zəhərləndiyini, yaxud da dərman içdiyini və ya pəncərədən yıxılıb öldüyünü görən insanlara çox rast gəlinir. Belə xəbərlər hər gün qəzet səhifələrində yayımlanır. Ancaq adamlıq dininin laqeydliyi bu nöqtədə də özünü göstərir. Bu xəbərləri oxuyan insanlar belə bir hadisənin öz başlarına gəlməyəcəyinə inandıqları üçün eyni cür davranmağa davam edirlər.
Cahiliyyə əxlaqında diqqətsizlik o qədər yayılmışdır ki, insanlar bir-birlərindən daimi olaraq “fikir vermə, heç nə olmaz” tərzində sözlər eşidirlər. Hətta bu dinin batil anlayışına görə, insanlar hər hansı bir təhlükəyə qarşı tədbir görməyə və ya tədbir görülməsini təklif etməyə utanırlar. Çünki ətrafdakılar onu qorxaq adlandırar. Məsələn, yanğın təhlükəsizliyi olmayan böyük bir iş yerində işçilərin lazımi təchizatların gətirilməsini və ya köhnəlmiş liftin yenilənməsini istəməsi olduqca çətindir. Çünki bu zaman iş yerindəki digər insanlar bu adama lağ edir, qorxaq kimi baxırlar. Halbuki, bu diqqətsizliyin sonu insanların zərəri ilə nəticələnir.
Ancaq burada bir nöqtəyə diqqət yetirmək lazımdır. Əlbəttə, bir təhlükə zamanı həddindən artıq təlaşlanmaq, bir anda şüuru qapanacaq dərəcədə dəhşətə düşmək kimi davranışlar da doğru deyil. Allah insanlara Quranda təvəkküllü olmalarını, yəni çətin vəziyyətlərdə, təhlükə anlarında da Allah`a güvənib səbir etmələrini əmr etmişdir. Bu mövzudakı bəzi ayələr belədir:
Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allah`ın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər. (Ənfal surəsi, 2)
De: “Allah`ın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O, bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allah`a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)
Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allah`a təvəkkül etsə, ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir. (Talaq surəsi, 3)
(Yəqub) dedi: “Oğullarım! eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allah`ın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allah`ındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusuf surəsi, 67)
Yuxarıdakı ayədə göründüyü kimi, hz. Yəqub uşaqlarına təvəkküllü olmağı nəsihət edir, həm də görəcəkləri işdə tədbirli davranmağı xatırladır. Saleh müsəlmanın davranışı da belə olmalıdır. Nə adamlıq dininin tələbi olan laqeydlik, nə də Allah`ın çirkin olduğunu bildirdiyi təvəkkülsüzlük doğru davranışlar deyil. İnsan gördüyü hər təhlükəyə qarşı ağlını işlədib tədbirli olmalı, eyni zamanda da Allah`ın diləməsi xaricində heç bir təhlükənin qarşısını ala bilməyəcəyini düşünüb Rəbbimizə təvəkkül etməlidir.
Kateqoriyalar