16- Qurana uyğun olmayan hörmət anlayışı
Adamlıq dininin sahib olduğu yanlış hörmət anlayışına keçməzdən əvvəl, Quranda bildirilən hörmət anlayışına baxmaq lazımdır. Quranda bildirildiyi kimi, mömin əvvəlcə Allah`a qarşı böyük hörmət göstərir.
“Ali-İmran” surəsinin 199-cu ayəsində: “Allah`a boyun əyərək...” və “Ənbiya” surəsinin 90-cı ayəsində isə peyğəmbərlərdən danışılarkən: “...Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər”, - deyilir. “Muminun” surəsində də yenə möminlər üçün “Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər. (Muminun surəsi, 57)” ifadəsindən istifadə edilir. Hörmət başqa ayələrdə də Allah`a duyulan dərin qorxunun bir parçası kimi keçir.
Bu səbəbdən, möminin sahib olduğu hörmət hissinin qaynağı Allah`a göstərdiyi hörmətdir. Digər insanlara göstərdiyi hörmət də bu əsl hörmətin inikasıdır. Mömin Allah`a hörmət etdiyi üçün Ona itaət edən, Onun razılığını qazanmağa çalışan digər insanlara, yəni bütün möminlərə də hörmət edir. Hörmətə layiq olmayanlara, yəni Allah`a üsyan edən, Onun razılığına zidd hərəkət edən, Allah`ı tanımayan inkarçılara isə ürəkdən hörmət etmir. Bu insanlara da nəzakətlə və gözəl tərzdə münasibət göstərir, ancaq daxilən hörmət etməsi qeyri-mümkün olur.
Əlbəttə, adamlıq dinindəki hörmət anlayışı Quranda təsvir edilən gerçək hörmət anlayışından tamamilə uzaqdır. Möminlərdəki hörmət daha əvvəl də ifadə etdiyimiz kimi, təməli Allah`a olan hörmətdən qaynaqlanan səmimi bir duyğudur. Adamlıq dinində isə səthi, müəyyən qəliblərə oturdulmuş, tamamilə qarşılıqlı maddi əlaqələrə əsaslanan riyakar davranış tərzləri olaraq özünü göstərir.
Adamlıq dininə görə hörmət göstərmək nəzakətli davranmaq və müxtəlif mühitlərə görə qaydalaşdırılmış söz və hərəkət qəliblərini süni tərzdə tətbiq etməkdir. Hörmət adamın cəmiyyətdə bir mövqeyə gəlməsinə kömək edən, mühitə və insanlara görə şəkli, müddəti dəyişən və dözülməsi lazım olduğuna inanılan bir davranış olaraq qəbul edilir.
Adamlıq dininin həyat fəlsəfəsi ikiüzlülüyə və saxtakarlığa əsaslandığı üçün hörmət də məcburən və istənmədən göstərilir. Adam hörmət göstərməli olduğu anlara dözür. Hörmət onun xarakterində yoxdur. Buna görə, adamlıq dinində insanların ən rahat olduğu mühitlər heç kimə hörmət göstərmək məcburiyyətində olmadığı və əsl xüsusiyyətini rahatlıqla göstərə bildiyi mühitlərdir. Bu cür mühitlərdə insanın üslub pozuntusu, əxlaq anlayışının yanlışlığı, ətrafındakılar haqqındakı gerçək düşüncələri və gerçək münasibəti bəlli olur.
Hörmət anlayışı məkanlara və mühitə görə dəyişdiyi kimi, yaşa görə də dəyişir. Adamlıq dinində adamın özünə güvəndiyini, heç kimə əhəmiyyət vermədiyini, bu səbəbdən, kimsəyə qarşı qorxusunun olmadığını, yəni şəxsiyyətinin tam inkişaf etmiş olduğunu isbat etməsi rahatlıq adı altında son dərəcə bəsit və ətrafa qarşı hörmətsiz davranması ilə özünü göstərir. Rahat hesab edilən mühitlərin özünə xas davranış və danışıq formaları vardır. Heç tanımadığı birinin evində soyuducunu açmaq, dostunun evinə getdikdə otağını ondan icazəsiz axtarmaq, şkafını açıb paltarlarını geymək, ayaqlarını mümkün olduğu qədər yuxarı qaldırıb yatırmış kimi oturmaq, səmimiyyət adı altında davamlı yerli-yersiz danışmaq, yaxında olsa belə, qışqıraraq yüksək səslə və söyüşlə danışmaq, bütün zarafatlarına cinsi mövzunu qatmaq bu çirkin xüsusiyyətlərin ən diqqətə çarpanlarıdır.
Bura qədər göründüyü kimi, adamlıq dini Quran vasitəsilə insana verilən əxlaqi prinsiplərin hamısına zidd bir əxlaq modeli ehtiva edir. Bu, şübhəsiz, Allah`a hesab veriləcəyinin unudulduğu və insanların böyük bir qəflət içində dünya həyatının keçici bəzəyinə qapıldığı cəmiyyətdə ortaya çıxır. Bu cəmiyyət Qurandakı deyimlə cahiliyyə cəmiyyətidir, tamamilə cahildirlər, çünki bu birlik Allah`ın varlığından və axirətdən xəbərsiz kimi yaşayır.
Bu cəmiyyətin insanları üçün dünya həyatı tək meyardır. Halbuki, dünya həyatı insana aldanışdan başqa bir şey vermir:
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Allah`ı unutmuş cəmiyyət qısa müddətdə yeganə meyar olaraq dünya həyatını seçən cahiliyyə mədəniyyətini meydana gətirir. Bu mədəniyyətin içində atalardan miras qalan batil inanclar, mənfəətlərə əsaslanan saysız- hesabsız qaydalar vardır. Adamlıq dini bəhs olunan cahiliyyə mədəniyyətinin adıdır.
Bu cəmiyyətdə doğulan insan isə bu mədəniyyəti uzun müddət davam edən təhsillə mənimsəyir. Şüur qazanmağa başladığı andan etibarən əvvəl ailəsi, sonra da yaxınları tərəfindən adamlıq dininin mədəniyyəti ilə tərbiyə olunur. Getdikcə öz şəxsi mənfəətləri üçün digər insanlardan istifadə etməyi, “gəmisini qurtaran kapitan” olmağı, mal və mövqe həvəsini öyrənir. Cahiliyyə cəmiyyəti ona adam olmaq üçün nələr etməsinin lazım olduğunu bir-bir öyrədir.
Kateqoriyalar