12- Öz mənfəətini axtarmaq
Quranı yol göstərici olaraq qəbul edən insanın ən diqqətə çarpan xüsusiyyətlərindən biri son dərəcə fədakar olmasıdır. Çünki bu insan bütün mülkün Allah`a aid olduğunu və Onun razılığını qazanmaq üçün özünə əmanət olaraq verildiyini, bu səbəbdən, Rəbbimizin göstərdiyi şəkildə xeyir yolunda xərcləməsinin (infaq etməsinin) lazım olduğunu bilir. Bu, yəni infaq İslamın ən əsas ibadətlərindən biridir.
Möminlər sahib olduqları malları əllərindən gəldiyi qədər infaq etməli, yəni Allah`ın Quranda saydığı kəslərə (...Sədəqələr Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin borclulara, Allah yolunda cihad edənlərə və yolçulara məxsusdur. Allah biləndir, hikmət sahibidir! (Tövbə surəsi, 60)) verməlidirlər. Allah`ın razılığı üçün edilən bu ibadət möminlər üçün böyük zövq, sevinc və rahatlıq qaynağıdır. Quranda fərqli ayələrdə bu ibadətin əhəmiyyəti vurğulanır.
Əsl yaxşılıq haqqında “Bəqərə” surəsinin 177-ci ayəsində (Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi, əslində, Allah`a, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, (Allah`a) məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbir edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır) bildirilir. “İnsan” surəsinin 8-ci ayəsində möminlər haqqında: “Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər”, – deyə bildirilir. “Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir! (Ali-İmran surəsi, 92)” ayəsi də mövzunun əhəmiyyətini açıqlayır.
Möminlərdən ibarət olan cəmiyyətin də, şübhəsiz, ən mühüm xüsusiyyətlərindən biri Allah`ın razılığını qazanmaq üçün infaq və fədakarlıq etmələridir. Cəmiyyətin üzvləri öz şəxsi mənfəətlərini deyil, ümumi mənfəəti düşünür və bu istiqamətdə hərəkət edirlər. Öz mənfəətləri ilə başqa möminin mənfəəti zidd olduqda isə Allah`ın razılığını qazanmaq üçün qarşı tərəfin mənfəətinə uyğun davranırlar. Quranda Mədinəyə hicrət edən möminlərlə mədinəli möminlər arasında yaşanan üstün əxlaq belə təsvir edilir:
Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr surəsi, 9)
Adamlıq dini isə tamamilə şəxsi mənfəətlərə əsaslanan cəmiyyət modeli qurur. Adamlıq dinində tərbiyə olunan insan uşaqlığından etibarən öz mənfəətini düşünüb eqoist xarakterə sahib olması üçün təşviq edilir. Ailəsindən, yoldaşlarından, cəmiyyətdən gördüyü nümunəvi insan modeli hər zaman öz şəxsi mənfəətlərini qoruyan insan modelidir. Bu təlqin əsasında zamanla “gəmisini qurtaran kapitan” olmağı öyrənir.
Öz mənfəətini axtarmaq adam olmaq üçün vacib xüsusiyyətlərdəndir. Hər işdə öz mənfəətini düşünmək çoxbilmişlik göstəricisidir. Buna görə, insan yaşadığı hər mühitdə öz şəxsi mənfəətlərini düşünməli, ən çox fayda prinsipi ilə hərəkət etməlidir. Fərdlər arasındakı əlaqəni də yenə ən çox fayda prinsipi formalaşdırır. İş yerində müdir işçilərindən, işçiləri də müdirlərindən maksimum faydalanmağa çalışırlar. Ticarətdə müştəri satıcıdan, satıcı müştəridən, dostlar da bir-birlərindən faydalanmağa çalışırlar.
Adamlıq dininin yaşandığı cəmiyyətlərdə istismar adi hal almışdır və cəmiyyətin ümumi əxlaqı halına gəlmişdir. Hər kəs öz imkanları daxilində özündən bir addım aşağı olanı sonuna qədər istismar etməyi düşünür. Cəmiyyətdə bu cür fürsətləri qaçırmaq isə ağılsızlıq, avami deyimlə “həriflik” olaraq qiymətləndirilir. “Dünyaya bir dəfə gəlirik” fəlsəfəsinə əsaslanan bu zehniyyət insanlarda Allah qorxusunun olmamasından qaynaqlanır.
Bütün bunlardan əlavə, adamlıq dininə mənsub olan bəzi insanların da bəzən fədakarlıq göstərdiklərini, kasıblara, möhtac olanlara kömək etdiklərini görmək mümkündür. Ancaq burada mühüm bir nöqtə vardır: adamlıq dininin bəhs etdiyimiz “fədakar” mənsubları yaxşılıqları möminlər kimi Allah rizası üçün və səmimi olaraq deyil, insanlara göstəriş olsun deyə edirlər. Bir ayədə bu insanların vəziyyəti belə bildirilir:
Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allah`a və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz! (Bəqərə surəsi, 264)
Bu cür insanları kasıblara, ya da kimsəsiz uşaqlara kömək üçün yaradılmış qurumlara, cəmiyyətlərə böyük miqdarlarda hədiyyə verərkən görə bilərsiniz. Amma etdikləri bu hədiyyələr mütləq mediada göstərilir, yüz minlərlə insan bu insanların “xeyriyyəçiliyinə” şahid olur. Məqsədləri də budur. Bu insanlar, əslində, son dərəcə xəsisdir və digər insanlara kiçik bir kömək belə etməzlər. Dəbdəbəli hədiyyələrlə isə, əslində, ticarət edirlər. Verdikləri pula qarşılıq cəmiyyətdə yaxşı bir imici satın alırlar. Bu, həm qüsurlarını örtür, həm də daha qazanclı bir iş üçün sərmayə olur. Quranda onların, əslində, xəsis olduqları və etdikləri infaqın da nümayiş üçün olduğu belə xəbər verilir:
O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allah`ın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq! Öz mallarını xalqa göstərmək xətrinə xərcləyənləri, Allah`a və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir! Əgər onlar Allah`a və axirət gününə inanıb, Allah`ın onlara verdiyi ruzidən sərf etsəydilər, nə olardı?! Allah onları tanıyandır. (Nisa surəsi, 37-39)
Xəsisliyin inkarçıların xüsusiyyəti olduğu bir ayədə belə ifadə edilir:
İndi gördünmü dönəni, bir az verib xəsislik göstərəni? (Nəcm surəsi, 33-34)
“Qələm” surəsində xəsis xarakterə sahib olan bağça sahiblərindən bəhs edilir. Ayələr belədir:
Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da imtahana çəkdik. O vaxt səhər açılanda mütləq dərəcəklərinə and içmişdilər. Və heç bir istisna yeri də qoymamışdılar. (Qələm surəsi, 17-18)
Onlar səhər qalxıb bir-birini belə səslədilər: “Əgər yığacaqsınızsa, bağınıza tez gedin!” Nəhayət, yola düşdülər, bir-birinə xəlvətcə belə deyirdilər: “(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!” (Qələm surəsi, 21-24)
Ayələrdə təsvir edilən bağ sahibləri kasıblarla qarşılaşmadan bağa getməyə çalışırlar. Çünki kasıblara kömək etmək istəmirlər, ancaq hər hansı bir kasıbla qarşılaşsalar, ona pul vermək məcburiyyətində qalacaqlar. Onları belə davranmağa məcbur edən şey insanların özləri haqqında mənfi düşünəcəkləri üçün narahat olmalarıdır. Qısacası, son dərəcə riyakar və bəsit xarakterə sahibdirlər. Bu, adamlıq dininin klassik xüsusiyyətlərindən biridir.
Möminin əsilzadəliyi isə yalnız Allah`ın razılığını qazanmaq istəyindən və dünyada xeyirlərdə yarışmasından qaynaqlanır. Allah`ın razılığını istəyərkən insanların mal-mülk qazanmaq üçün fəaliyyətləri deyil, gördükləri işlərdə Onun razılığını nə qədər axtardıqları əhəmiyyətlidir. Allah qatında məqbul olan ayıqlıq isə İslamın və möminlərin mənfəətlərini davamlı axtarmaq, möminlərin rifah və fərahını artırmaq, Allah`ın razılığının hər zaman ən çoxunu qazanmaqda güzəştə getməmək, şeytanın və nəfsinin hiylə və vəsvəsələrinə aldanmamaq, imanını və ağlını get-gedə daha da artırmaq, əxlaqını daha çox gözəlləşdirmək üçün göstərilən diqqət və şüur açıqlığıdır. Bununla Allah`ın razılığının ən çoxunu axtaran möminlərin əsilzadə xüsusiyyətləri xarici görünüşlərinə də əks olunur. Quranda bu hal belə təsvir edilir:
Muhəmməd (əleyhissəlam) Allah`ın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allah`dan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allah`ın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət və böyük mükafat vəd buyurmuşdur! (Fəth surəsi, 29)
Adamı özünə bağlamaq
Adamlıq dinində yaşaya bilmək üçün ətrafa özünü olduğundan daha fərqli göstərmək nə qədər əhəmiyyətlidirsə, qarşı tərəfi öz istədiyi şəklə salmaq, onu idarə etmək, yönləndirmək də eyni dərəcədə əhəmiyyətlidir. Buna qısa olaraq adamı özünə bağlamaq deyilir. Bunun xüsusi taktikaları vardır və adamlıq dinində önə keçməyin yollarından biri də bu işdəki məharətdən asılıdır. Adamı özünə bağlamaq adamlıq dinində o qədər əhəmiyyətli bir mövzudur ki, bu mövzuda bir çox xüsusi kitab yazılmışdır.
Əlbəttə, bu işdə istifadə edilən ən yaxşı üsul yenə qarşıdakı insanın adamlıq dini xüsusiyyətlərindən irəli gələn zəifliyidir. Qarşıdakı adamlıq dininə nə qədər sahibdirsə, bağlanmaq ehtimalı bir o qədər artır.
Adamlıq dinini yaşayanların qürur və eqoistliyi, lovğalığı, tərif və təqdir olunma həvəsi, emosionallığı, özünü olduğundan fərqli göstərmək kimi xüsusiyyətləri onun istənilən yöndə istifadə edilməsini asanlaşdırır.
Şəxsin mənfəət gətirən hər hansı bir imkana sahib olması onu bağlamaq üçün əsaslı səbəbdir. Bu, dövlət idarəsindəki bir məmurdan tutmuş, evlənmək üçün seçilən həyat yoldaşına kimi hər növ insan ola bilər. Hər cür ictimai sahədə - iş, məktəb, ticarət, siyasət, ictimai həyat və ya evlilikdə - işini görməsinə, mənfəət qazanmasına, sosial və ya iqtisadi mövqeyini gücləndirib inkişaf etdirməsinə kömək olacaq insanlar mövcuddur. Yetər ki, adamı özünə bağlamaq üçün mövqe və şərtlərdən doğru istifadə olunsun!
Özünə bağlamağın dərəcələri bunu edənin məharətinə, təcrübə, qabiliyyət və səbrinə düz mütənasibdir. Həmçinin, qarşı tərəfin zəkası, sayıqlığı və zəiflikləri də bağlanma dərəcəsinə təsir edən ünsürlərdir.
Kateqoriyalar