Kitabın əvvəlində bir müsəlmanın ən mühüm xüsusiyyətinin müsəlmanlıq olduğunu və özünü başqa bir dünyəvi meyara görə təyin edə bilməyəcəyini söyləmişdik. “Müsəlman” Allah`ın iman edənlərə verdiyi addır (Həcc surəsi, 78) və bir insan üçün bu adı daşımaq böyük şərəfdir. Buna görə də müsəlmanlığının şüurunda olan insan başqa bəzi xüsusiyyətlərə əsaslanıb formalaşmağa çalışmaz. İnsanın soyu, tayfası, ictimai mövqeyi, dili, rəngi, çevrəsi və s. Allah qatında və iman edənlərin gözündə əhəmiyyət daşımaz. Bir ayədə bu mövzu belə açıqlanır:
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allah`dan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat surəsi, 13)
Bunu dərk edən bir mömin yaşadığı bəzi dünyəvi şərtlərə görə davranış və xüsusiyyətini dəyişdirməz. Məsələn, böyük maddi qazanc əldə etdiyində lovğalanmaz və ya kasıb olduğunda yazıq görkəmi almaz. Quranda bununla əlaqədar nümunələr verilmişdir və hz. Süleymanın böyük maddi gücə çatmasına baxmayaraq, təvazösünü və Allah`a olan təslimiyyətini qoruduğu izah edilmişdir. Buna qarşı, müsəlmanlardan fərqli olaraq bəsit və zəif şəxslər hər mühit və şərtə görə dəyişirlər.
Özünə mülk verildinə görə lovğalanan Qarun və ya ən kiçik bir ziyana görə çaxnaşmaya düşüb ümidsizliyə qapılan digər inkarçılar “İnsana bir nemət verdiyimiz zaman üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar! (İsra surəsi, 83)” ayəsində təsvir edilən mənfi davranışın nümunələridir.
İnkar edənlərin xüsusiyyətinə çevrilən bu şəxsiyyətsizlik adamlıq dinində bir şəxsiyyət qazanmaq səyi kimi ortaya çıxır. Çünki adamlıq dini adam olmaq, yəni cəmiyyətdə mövqe əldə etmək dinidir. Adamlıq dininin mənsubları da müsəlmanlıq kimi gerçək, sabit və dəyişməz bir şəxsiyyətə sahib olmadıqları üçün özlərinə fərqli dünyəvi xüsusiyyətləri şəxsiyyət olaraq götürürlər.
Bu xüsusiyyətlərin ən diqqəti cəlb edənləri peşələrdir. Adamlıq dininin mənsubları sahib olduqları peşələrə uyğun xüsusiyyət formalaşdırırlar. Əlbəttə, müsəlmanların da müəyyən peşələri vardır, lakin Allah`a səmimi şəkildə iman edən bu insanların xüsusiyyətlərini iş yerləri, mövqeləri kimi xüsuslar təyin etmir. Müsəlmanlar o peşənin gətirdiyi xüsusi əhvala girməzlər, həmişəki etidallı davranışlarını tərk etməzlər.
Adamlıq dinində hər kəs gördüyü iş, sahib olduğu peşə qədər qiymətlidir. Qazandığı pul qədər etibarlıdır. Bu səbəblə, bir adamla tanış olduqdan sonra on dəqiqə ərzində mövzu dəyişir, ya onun və ya da atasının işinə gəlir. Çünki bunu öyrənmək qarşı tərəfin dəyərləndirilməsi baxımından çox əhəmiyyətlidir. Bir şəxsi adam yerinə qoyub-qoymamağın ölçüsü karyerası və ya işindəki qazancı, ya da mövqeyidir. Müxtəlif peşəyə sahib olan insanlar bir yerə yığışdığında hər kəs öz peşəsini ən yaxşı, ən etibarlı peşə olaraq önə sürməyə, digərlərinin isə o qədər də əhəmiyyətli olmadığını göstərməyə çalışır.
Adamlıq dinində hər peşənin özünə məxsus fərqli psixologiyaları vardır. Əgər bu peşə yüksək təhsil tələb edirsə, bu peşəyə aid əhval və psixologiya həmin şəxsə universitetə girdiyindən etibarən, istər müəllimləri, istərsə də tələbələr tərəfindən təlqin edilməyə başlanır.
Məsələn, həkimlər tibb fakültəsinə daxil olduqlarından etibarən, hər kəsin həyatının və sağlamlığının özlərinə bağlı olduğu və etdiklərinin ən müqəddəs iş olduğu təlqinlərilə formalaşır və bu psixologiyanı ömürlərinin sonuna qədər daşıyırlar. Əlbəttə, bir həkimin xəstə birini yaxşılaşdırması və ya həyati təhlükəsi olan bir şəxsi qurtarması üçün göstərdiyi səy gözəl və təqdir edilən davranışdır. Ancaq adamlıq dinini yaşayan insanlar yanlış şəkildə xəstəni özlərinin sağaltdıqlarını düşünürlər. Halbuki, şəfanı verən uca Allah`dır. Həkim, dərman, müalicə isə yalnız bir vasitədir. Digər tərəfdən əczaçılar da buna bənzər psixologiyaya malikdir. Hüquq fakültəsini bitirənlər özlərini ədalətin əsas dirəkləri, insanların ən ağıllıları, ən ayıqları, mühakimə qabiliyyətləri ən güclü, hadisələri ən doğru qavrayıb həll edə bilən kəslər bilirlər. Mühəndislər isə gündəlik həyatda qarşılaşdığımız hər şeyin öz peşələrinin məhsulu, ya da əsəri olduğunun düşünüb öz yerlərinin çox əhəmiyyətli olduğu qənaətindədirlər.
Ticarət və sərbəst peşələrlə məşğul olanlar da özlərini ictimai və iqtisadi həyatın dirəyi olaraq görürlər. Bunlardan hər biri öz peşəsinin olmadığı təqdirdə, insanların gücsüz vəziyyətdə qalacağını, hətta həyatlarını belə davam etdirə bilməyəcəklərini və özlərinin əhəmiyyətli insanlar olduqlarını hər fürsətdə dilə gətirirlər.
Bu insanlar şəxsiyyətlərini peşələrinin təlqin etdiyi sözdə müqəddəslik, müstəsnalıq, həmçinin fərqlilik duyğusunun gətirdiyi qürur, eqoizm, özündən razılıq kimi psixologiyalar üzərinə qururlar. Buna görə də adamlıq dininə mənsub olan insan öz peşəsi haqqında son dərəcə həssas olur. Peşəsinə qarşı deyilən hər sözü özünə qarşı deyilmiş kimi qəbul edir və peşəsini sanki namusu kimi müdafiə edir.
Yüksək təhsil tələb etməyən, daha çox fiziki xüsusiyyətlərə və ya təcrübəyə, yaxud da atadan qalma bilgi və bacarığa əsaslanan işlərin də adamlıq dinində özlərinə aid fərqli psixologiyaları vardır. Bu işlərə girməyin və sonrasının, bunlara aid atelye, dükan, mağaza, büro kimi iş yerlərinin hamısının adamlıq dini tərəfindən təyin olunmuş özlərinə xas fərqli psixologiyaları və dəyər mühakimələri vardır. Belə işlərdə işləyənlərin təkəbbür və qürurları digərlərinə görə daha çox tərslik, tündxasiyyətlilik, əsəbilik, çoxbilmişlik və bənzəri şəkillərdə özünü göstərir.
Adamlıq dininin iş əxlaqı hələ iş axtarışına başlayarkən özünü göstərir. İş axtararkən ən mühüm, hətta yeganə meyar o işin qazandırdığı puldur. Nəyə, hansı inanc və düşüncəyə və ya kimə xidmət edildiyi, görülən işin fayda və zərərləri düşünülməz.
Adamlıq dinində qadınların seçdiyi peşələrdən biri katibəlikdir. İş yerlərində müdirlər çox vaxt kişi olur və katibəliyə xüsusilə qadın işçi axtarırlar. Burada qadının çox mühüm rolu vardır. Namizəd iş bacarığı, məlumatı, təcrübəsi və ya zəkasından çox xarici görünüşü ilə qarşı tərəfə təsir etməyə çalışır.
Müdirlər iş yerində və ya şəxsi həyatında özünə həmişə şahid olan işçiləri çox diqqətlə seçirlər. Bu səbəblə, qadın və ya kişi olsa da, katibə müdirin görüb-eşitməz işçisidir, lazım olanda yalan danışmağı bacarmalı, amma müdirinə əsla yalan danışmamalı, çox sədaqətli olmalıdır. Normal həyatda müəyyən saxtakarlığa şahid olub susmaq və ya ona ortaq olmaq xoş qarşılanmaz. Ancaq eyni hadisə iş daxilində olduğunda, adamlıq dini bunu iş əxlaqının bir parçası görür. Katibəliyin bu yönü peşəsinin cahiliyyə cəmiyyətindəki əxlaqi gərəyidir. Heç kim mühakimə etməz.
Müdirin iş yoldaşları ilə, hətta bəzən ailəsinə qarşı olan gizli işlərini görməzlikdən gəlməsilə müdirin gözünə girib etibarını qazanır. Çöldəki bütün insanlara qarşı müdiri ilə ortaq davranış və mənfəətdə davranır. Katibələr çevrəsinə özünü müdirləri ilə göstərirələr. Müdirin iş səyahətinə getməsi, xarici görüşləri, qazandığı pulu onun üçün həmişə göstəriş ünsürü olur.
Marketinq, satış işi kimi işlər də katibəlik kimi görünüşə əsaslanan işlərdəndir. Müdirlər namizədləri yığıncaq otağında sorğuya çəkir. Yanlarında sadə zarafatlar edib reaksiyalarına nəzarət edirlər. Bu zarafatlardan və davranışlardan xoşlanmadığına dair reaksiya verməməsi o adam üçün müsbət haldır. Bunun kimi, bir çox müxtəlif şəxslərlə əlaqə qurulan işlərdə heç bir söz və hərəkət qarşısında reaksiya verməmək, təsirlənməmək, bu mövzuda diqqətli olmaq, hətta bundan xoşlandığını ifadə etmək axtarılan şərtlər arasındadır. İşi bitirən əsnaf xarakteri buna son dərəcə uyğundur. Bu da satış işinin əxlaqi gərəyidir. Laqeydlik, şəxsiyyətsizlik kimi xüsusiyyətlər adamlıq dininin iş əxlaqının bir parçasıdır. Möminlərdə isə bu əxlaqın əksinə, təmkin, izzət, şərəf, nəciblik kimi üstün əxlaq xüsusiyyətləri olur.
Adamlıq dinində iş yerində göstərilməsi gərəkən davranış tamah duyğusunu meydana gətirir. Pul qazanma həvəsi, lider olma və şöhrət həvəsi cəmiyyətdə təqdirlə qarşılanır. Bu səbəblə, iş yerlərində böyük ölçüdə materialist hava hakimdir. Bütün hərəkət və davranışlar, bütün danışıqlar pul və mövqe əldə etməyə yönəlir. İşləyənlərin vəzifələri, yerləri müəyyəndir. Hər kəs öz mövqeyinin qəlibinə girir. Çox məşğulmuş kimi davranır. Əsəbi hərəkətlər, gərginlik ümumi davranış olaraq işləyənlərin bir çoxuna hakimdir.
Adamlıq dinində müdir iş yerinin sahibi, maaşları verən və ya yönləndirən adam olmağın verdiyi rahatlıqla istədiyi kimi danışa bilər, qışqıra bilər, təhqir edə bilər, qarşısındakı insanı alçalda bilər. Necə də olsa, pulu ödəyən özüdür. Özünün idarəsindəki işçilərə başqalarına göstərdiyi hörməti göstərmək məcburiyyətində deyil. Buna baxmayaraq, özünə qarşı həddindən artıq bir hörmət gözləyir. Əmrindəkilər etdiyi hər şeyə dözmək məcburiyyətindədirlər. Müdir-işçi əlaqəsində bir növ kölə məntiqi vardır. Müdir maaşını ödədiyi hər kəsə qarşı istədiyi kimi davranacağını və xitab edə biləcəyini düşünür.
Ofisdəki adi danışıqlarda belə iş sözlərindən istifadə edilir. İngiliscə bilən öz peşəsilə əlaqədar olan termin və sözlərdən yerli-yersiz, qarşısındakı anlamasa belə, lovğalanmaq üçün tez-tez istifadə edir. Telefonu tutmaq tərzləri vardır. İşçilər bir-birini bəyənməzlər, digərinin işinə düzəliş verib çox bildiyini göstərərlər. Ofisdə çoxlu dedi-qodu edirlər. Köhnə işçilər bir-birlərinin hər cür saxtakarlığını bilirlər, amma öz etdiklərinin də ortaya çıxmasından qorxduqları üçün bunları aşkara çıxarmazlar.
Yeni gələnin hamı üstünə gedir, onunla naşı kimi davranıb davamlı səhvini tuturlar. On beş günlük olan, bir günlük olana hakimlik etməyə çalışır. Köhnə olanlar yeni gələnə tez-tez lazımlı-lazımsız mövzularda ağıl verib hər mövzuda üstünlük hiss etdirməyə çalışırlar. Bəzən iş yerinin müəssələri arasında çəkişmələr olur. “Bu işi həll etdim” havasına girib iş görən olduğunu göstərməyə çalışırlar.
Dükan, mağaza kimi iş yerlərində hakim olan psixologiya çox da fərqli deyil. Satıcılar heç biri özlərinə aid olmadığı halda, bütün malların, dükanın sahibi kimi hərəkət edirlər. Bu, hər kəsin alıcı, özünün isə satıcı olmasının verdiyi əhvaldan qaynaqlanır. İşçi orada yalnız satıcı olduğu üçün sıxılır. Müştərinin maddi vəziyyətinin yaxşı olmadığını gördükdə laqeyd və soyuq davranır, davamlı əsəbi hərəkətlər edir. Birinci nəzakətli olmağa çalışır, amma müştərinin almadığını və ya ala bilmədiyini hiss etdikdə kobud davranmağa başlayır, üzünə baxmaz, üzünü yanındakı yoldaşlarına çevirər və ya çölə tamaşa edər. Tərs cavablar verər. Müştəriyə onun vaxtını alırmış kimi davranar. Ümumiyyətlə, belə iş yerlərində vaxt boş və mənasız söhbətlərlə, vitrin şüşələrindən çölə baxmaqla və güzgüdə özünə tamaşa etməklə keçir.
Rəsmi idarələrdə isə daha formalaşmış əhval-ruhiyyə vardır. Belə yerlərdəki əsəbi və gərgin mühit artıq hər kəs tərəfindən qəbul edilmişdir. İşçilərin böyük qismi özlərini qürurlu aparırlar. Sözləri təkcə işlədikləri sahədə keçir. Bu səbəblə, işi düşdüyü üçün oraya gələn insanlara qarşı sərt və hətta hakim bir üslubdan istifadə edirlər. Yanlarında tez-tez dolub-boşalan çay stəkanları, siqaret tüstüsü, işçilərin aralarında danışdıqları dolanışıq çətinliyi, ailəvi məsələlər, bazar söhbətlərilə görülən işlər belə yerlərin adi mənzərələrindəndir.
İşçilər səs tonları və əsəbi hərəkətləri ilə bezdiklərini hiss etdirirlər. İşini gördürən işi görəni həmişə yola verməlidir. Tez-tez sual vermir ki, işi görən bundan sıxılmasın. Sual verəndə də işi görən buna cavab vermir və dönüb tərs-tərs baxır. Hətta acı söz də deyir.
Ancaq rəsmi idarələrdəki bütün bu sərt və əsəbi məmur rolları həmin yerlərə gələn kasıb, cahil və ya sadə görünüşlü insanlara qarşı olur. Adamlıq dininə mənsub məmurlar zəngin, yaxşı geyimli, yüksək mövqe sahibi olduğu bəlli olan kəslərə qarşı qətiyyən belə davranmırlar. Əksinə, bu insanlara qarşı son dərəcə hörmətlə yanaşırlar. Bu isə həqiqi hörmət deyil. Şəxsiyyətsizlik və bəsitlikdən qaynaqlanan sadə hörmətdir. Sözügedən zəngin insanlara hörmət göstərən məmur böyük ehtimalla onlardan mənfəət də əldə etmir. Amma mühüm dəyər mühakiməsi olduğuna görə, zənginə qarşı istər-istəməz hörmət edirlər. Bu hörmət, əslində, qısqanclıqla qarışıq bir növ heyranlıq kimi də müəyyən oluna bilər. Adamlıq dininin bəsit və mənfəətçi xüsusiyyəti burada açıq şəkildə ortaya çıxır.
Bütün bu hadisələr və davranışlar adamlıq dini mənsublarına normal və adi şeylər kimi görünür. Bu, balığın suyun fərqində olmadığına bənzəyir. Balıq suyun fərqində olmur, çünki bütün həyatı suyun içində keçir. Adamlıq dini mənsubları da içində olduqları əhvalın, davranışların nə cür ağılsız və mənasız olduğunun fərqində deyillər. Özlərini Allah`ın yaratdığını, bu dünyada keçici müddətdə imtahanda olduqlarını və nəticədə Rəbbimizə dönüb hesab verəcəklərini düşünmürlər. Bunları düşünüb, Allah`a şükür edib Onun razılığını axtarmağın əvəzinə, bütün günlərini və bütün həyatlarını mübahisə və mənfəət hesabları ilə keçirirlər. İllərlə kiçik bir ofisdə işləyir, maaşlarını artırmağa, yüksəlməyə çalışır, başqaları haqqında dedi-qodu edir, qısqanclıq sıxınıtıları ilə stress içində yaşayırlar. Ancaq Allah`ın razılığını nəzərə almadıqları və axirəti unutduqları üçün bütün bu etdikləri boş və mənasızdır. ²İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. (Ənbiya surəsi, 1)² ayəsində bildirildiyi kimi, tam bir qəflət içindədirlər və Quranda bu insanlar ²O kəslər ki, yalana qurşanıb qəflət içində oynayarlar. (Tur surəsi, 12)² şəklində keçir.
Adamlıq dinində işi düşəni, pulsuz olanı, çirkin olanı, aşağı mövqedə olanı əzmək ümumi prinsipdir. Müştəri ilə birbaşa ünsiyyət qurulan iş yerlərində müştərinin tip və paltarına görə hərəkət edirlər. Müştəri zəngin görünüşlü olarsa, onunla nəzakətli davranıb diqqət göstərirlər, əks halda, yuxarıdan baxıb laqeyd davranırlar və başdan edirlər. Dükan və mağazalarda da davranışlar buna görə nizamlanır.
Hər peşənin özünə görə ədəbi və qaydası vardır. Ancaq ortadakı malın bazar dəyərinə, müştərinin zənginliyinə və ya işin etibarlılığına görə, bu dəyərlərə bəzən fikir vermirlər və yaxud bunları dəyişdirirlər. Yaraşmayan bir geyimin yaraşdığını demək, keyfiyyəti aşağı olan məhsulu tərifləyib satmaq, bahalı bir şeyin ucuz olduğuna inandırmaq adamlıq dininin ifadəsilə professionallıq tələb edir. Onsuz da bu dinin mənsublarına görə iş əxlaqı deyilən şey budur. İş əxlaqı kimi adlandırılmasının səbəbi Quran əxlaqından fərqli olmasıdır. Bu əxlaq günahın gizli edilməsini təsdiqləyir. Adamlıq dininin yanlış ölçülərinə görə:
- Açıq şəkildə oğurluq etmək adamlıq dininə ziddir, lakin işi örtülü şəkildə qanuni görünüş altında görüb özünə haqsız mənfəət götürmək adamlıq dininin qaydasıdır.
- Açıq rüşvət almaq qadağandır, amma hədiyyə adı ilə rüşvət almaq olar.
- Adam öldürmək böyük cinayətdir, biri ölərkən başını bəlaya soxmamaq üçün səsini çıxarmamaq ağıllı hərəkətdir.
- Bir adamın üzünə qarşı təhqir etmək, söymək ayıbdır, arxasından dedi-qodu etmək normaldır.
- Dinsiz olmaq pisdir, amma çox dindar olmaq da məqbul deyil.
Ayrıca, adamlıq dini öz məntiqi içində batil bir İslam anlayışı da çıxarmışdır. Bu azğın anlayışa görə, bir şəxsin Qurandan fərqli olaraq öz zamanına, mühitinə və maraqlarına uyğun gələn müəyyən ibadətləri yerinə yetirməsi məqbuldur. Lakin Allah`ın təsvir etdiyi həyatı tam yaşamaq, İslamın bütün qaydalarına tabe olmaq həddi aşmaq kimi görülür və doğru qəbul edilmir.
Kateqoriyalar