Adamlıq dinində məktəbli psixologiyasi

Adamlıq dini insanın yalnız gündəlik davranışlarını deyil, bütün həyatını və dünyagörüşünü də təyin edir: kimləri yoldaş seçmək olar, ayrı-seçkilik necə qoyulur, insanın doğru və yanlış yönləri nələr olmalıdır və sairə... Məktəb dövrü insan həyatında adamlıq dininin təməllərinin atıldığı ən mühüm dövrlərdən biridir. Gənc kütlələrdə adamlıq dininin önəmli gördüyü anlayışlar, psixologiyalar, davranış tərzləri, reaksiyalar və əxlaq anlayışı bu dövrdə formalaşır.

Adamlıq dininin ən nəzərə çarpan xüsusiyyətlərindən biri olan mövqe  həvəsi   - Quranda dünya həyatı üçün: “Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. (Hədid surəsi, 20)” - deyə bildirilmişdir- ilk dəfə məktəb dövründə güclü şəkildə ortaya çıxır. Bu dövrdə şagirdlər arasında rəqabət başlayır. Dərsdə  rəqabəti öyrənən insan bunu gələcək həyatında qarşısına çıxacaq mövzularda da tətbiq etməyə başlayır. Rəqib olunan mövzularda bir-birini əzmək son dərəcə normal qarşılanır, ancaq eyni kəslərlə ortaq mənfəətlər olduqda bir-birinə dəstək olmaq da eyni şəkildə təbii sayılır. Məsələn, məktəbdən kənardakı mühitə qarşı birlik psixologiyası vardır, lakin sinifdəki qruplar arasında amansız bir rəqabət yaşanır.

Adamlıq dininin insanlarında mənfəətlərə görə sinifləndirmə vərdişi də məktəb dövründə meydana çıxır. Məktəblərdə ən çox görünən mənzərə ortaq mənfəət qruplarıdır. Bunlar, ümumiyyətlə, eyni gəlir səviyyəsinə mənsub ailə uşaqlarının və ya eyni aristokrat mühitlərdən gələn şagirdlərin və ya çalışqan olanların bir yerə toplanmasından ibarət olan qruplardır. Ancaq digər siniflərə və ya müəllimlərə qarşı birləşmək lazım olduqda bütün sinif bir yerə yığılır.

Adamlıq dinində məqbul olan davranışlar Quranda göstərilən gözəl əxlaq nümunələri (təvazökarlıq, dürüstlük, Allah`a təslimiyyət kimi) deyil, öz mənfəətini düşünmək, yamanlıq, qürur kimi əxlaqi pozuntulardır. Bu səhv məntiq ilk dəfə məktəb dövründə yaranır. Məktəbdə məşhur olan, təqdir görən adam zənginliyi və gözəlliyi ilə tanınır. Bu insanların yerişləri, geyim tərzləri, danışıq üslubları, əl hərəkətləri bütün məktəbdə dəb olur və təqlid edilir. Hər dövrdə məktəblərin özünə xas yeriş, gülüş, paltar formaları vardır. Laqeyd  görünüş, ətrafa əhəmiyyət verməyən üz ifadəsi, çiyində çanta, ağır və qayğısız gediş klassik formadır. Yüksək səslə qəhqəhə çəkmək və küfrlü danışmaq da xarakter kimi qəbul edilir. Dostlar arasındakı mövzular da müəyyəndir. Qızlar bəyəndikləri adamlardan, geyim və makiyajdan danışır. Kişilər də qızlardan və həmçinin paltar, matç, müəllim və dərslərdən söhbət edirlər.

İnsanları xarakter və əxlaqlarına görə deyil, maddi zənginlikləri ilə qiymətləndirmə düşüncəsi məktəb dövründə yaranmağa başlayan adamlıq dini xəstəliyidir. Məktəblərdə zəngin görünmək son dərəcə əhəmiyyətlidir. Bunun üçün xüsusi olaraq səy göstərilir.

         Hər kəsin məşhur markalardan geyindiyi qrupa orta geyimli birisi çox yanaşa bilmir. Ya da  yaraşıq və ya gözəllikləriylə məşhur qrupun içinə çirkin biri qoşula bilmir. Qrupa qoşulmaq üçün gözəl və ya  zəngin olmaq şərtdir. Gözəl və zəngin olanların nazı ilə oynayırlar, ərköyün hərəkətlərinə göz yumurlar. Çünki onlar qrupun prestij və öyünmə qaynaqlarıdır. Məktəbin uşaqları evdən götürüb, dərsdən sonra da evə ötürməsi üçün təyin etdiyi xüsusi avtobusla getmək belə bir yaşa qədər zənginlik əlaməti olaraq qəbul edilir. Zəngin görünmək üçün əldən gəldiyi qədər məktəb paltarlarına əlavələr edilir. Qızlar keyfiyyətli, bahalı zinət əşyaları taxıb varlı olduqlarını göstərməyə çalışırlar. Qız-oğlan demək olar ki, hamı marka ilə maraqlanır. Formanın üstündən geyinilən marka koftalar, corablar, qalstuklara olan əlavələr zəngin olduğunu sübut etmə cəhdindən qaynaqlanır. Buna görə, o dövrdə ailənin məktəbdəki uşağını ən çox sevindirəcəyi hadisə ona marka paltar  almasıdır. Maddi vəziyyəti yaxşı olmayanlar da güc-bəla ilə pul yığıb satın aldıqları bir neçə marka geyimlə özlərini qəbul etdirməyə çalışırlar. Çünki ən əhəmiyyətli dəyər mühakiməsi pul və onun göstəriciləridir. Ətrafdan təqdir görməyin, məşhur olmağın yolu puldan keçir.

Pis əxlaq xüsusiyyətləri məqbul sayılmağa başlanarkən, yaxşı xüsusiyyətlər də pislənməyə başlanır. Təvazökarlıq və dürüstlük kimi davranışlar soyuq qarşılanır. Dərs oxumağa da yalnız məktəb daxilində əhəmiyyət verilir. Məktəbdə oxuyub dərsə hazırlaşmaq kimi səbəblər bəzi çalışqan, amma assosial tiplərlə dost olmaq zərurətini yaradır. Dost seçimində özünü ən çox əyləndirən adamı tapmaq əhəmiyyətlidir. Əxlaqa birinci baxılmır. Əvvəlcə, özünü əyləndirib zarafat etməsi əhəmiyyətlidir. Buna görə, dostluqlar həmişə müvəqqəti olur, möhkəm təməllərə əsaslanmır. Əsas xüsusiyyətləri bilindiyi zaman hər kəs bir-birindən ayrılmağa başlayır. Çünki yaş artdıqca güldürməkdən, əyləndirməkdən daha güclü mənfəətlər lazım olmağa başlayır.

Hər kəsin bir nəfər ən yaxşı yoldaşı mütləq vardır. Ona oğlan və ya qız dostu ilə arasında baş verənləri danışır, dostunun bu haqda bildiyi məlumatların dərəcəsi onunla səmimiyyət dərəcəsini göstərir, onunla sirlərini paylaşır. Hər kəs haqqındakı düşüncələrini təkcə ona bildirir və ondan da özünə bildirməsini  gözləyir. Bu, sirr dostluğudur. Heç kimin bilmədiyi cəhətlərini bir-birlərinin bilməsi hər iki tərəfə də fərqli zövq verir. Ətrafdakıları qısqandırıb bir şey bilirmiş kimi lovğalanmaq üçün səmimi dostlar bir-birləri ilə pıçıldaşır, ictimai yerlərdə göz-gözə baxışıb gülüşürlər.

Yoldaşının gözəl əxlaqlı olmasını, mömin olmasını, iman və dürüstlüyünü heç kim düşünmür. Çünki belə mövzuların əhəmiyyətini məktəb dövründə başa düşmürlər. Dindar olanlara lağ edirlər. Buna görə, heç kim  inanclarından rahat danışa bilmir.

Qarşı cinslərlə əlaqələri bir-birindən istifadə etməyə əsaslanır. Oğlanlar səmimi olmaq bəhanəsi ilə qızlarla əl zarafatları edirlər. Dostları arasında özlərinə etibar qazandıran qızla görünmək istəyirlər. Qızlar üçün də sinfin ən varlı, ən yaraşıqlısı ilə görüşmək rəfiqələri arasında ayrı bir öyünmə qaynağı olur. Qızlarla oğlanlardan ibarət qrupun içində dostlarını dəyişdirmək də olur. Bir-birlərindən bezdikləri zaman ayrılıb digərinin köhnə dostu ilə görüşməyə başlayırlar. Ayrıldığının arxasından da çox vaxt danışırlar.

Hər kəs bazar ertəsi məktəbə getdikdə  bir şey danışmaq üçün həftə sonunda gəzmək məcburiyyətindədir. Əgər o həftə sonu bir yerə getməyibsə, həftənin əvvəli bunun harahatlığını hiss etməmək üçün ssenarilər qurur və bunu həqiqətən olmuş kimi danışır. Qızlar da, oğlanlar da  ümumi üslub olaraq söz atmaq və acı dilli olmağı mənimsəyirlər. Bu, digər insanların kobud olmasına qarşı müdafiə tərzində adama hakim olur və normal üslub halını alır. Məktəblərdə qrup psixologiyası hakim olduğu üçün, əslində, çox sakit və yaxşı əhvala sahib olan birisi məktəbə getdikdə birdən-birə içində olduğu qrupun əhvalına bürünür. Heç etməyəcəyi şeyləri etməyə, heç söyləməyəcəyi sözləri söyləməyə başlayır. Bir adamın etdiyi səhv və çirkin hərəkət qrup içində xoş qarşılanır. Tək cəsarət edə bilmədiyi şeyləri qrup halında etməyi gözə alır. Avtomobili  sürətlə sürür, lazım olsa qrupunda təqdir almaq üçün həyatını belə təhlükəyə atır. Müəllimlərinə qarşı gəlir, boyun əymir, qulaq asmır, qızlara söz atır, bununla qrup içində qalmağa çalışır.

Adamlıq dininin ən əhəmiyyətli xüsusiyyətlərindən biri olan insanların razılığını qazanmaq da yenə məktəb illərində  öyrənilir. Şagirdlərdə özünü isbat etmək səyi yayılır. Şagirdlər müəllimlərinə, yoldaşlarına, ailələrinə, özlərini bəyəndirməyə çalışırlar. Bunların hamısını ayrı-ayrı razı salmalarının lazım olduğu üçün müxtəlif xüsusiyyətləri göstərirlər. Bu səbəblə, olduqca  simasız bir şəxsiyyət formalaşır. Adamlıq dininin adam və mühitə görə xüsusiyyət dəyişdirməsi bu dövrdə qazanılır. İnsan formalaşmağa başlayanda öz iradəsi deyil, çevrəsinin ondan istədiyi önəmli olur. Hər kəsdən və hər yerdən ayrı tələb gəldiyi üçün qeyri-sabit bir əxlaq formalaşır. Bu, şübhəsiz, yalnız Allah`a qulluq edən, yalnız Onun razılığını qazanmağa çalışan, yalnız Onu razı etməyə çalışan və bu səbəblə də son dərəcə möhkəm və sabit xüsusiyyətə sahib olan mömin əxlaqının tam əksidir. Quranda möminlərlə inkarçılar arasındakı bu fərq belə ifadə edilir:

 Allah  bir məsəl çəkir: “Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var. Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd ancaq Allah`a məxsusdur, lakin onların əksəriyyəti bilməz!” (Zumər surəsi, 29)

Şagirdlərin öz aralarındakı fərqli rollara girməsinə adamlıq dininin müxtəlif versiyalarında rast gəlinir. Bunları yenə şagirdlərin öz aralarında qəbul etdikləri bu adlar altında ümumiləşdirə bilərik:

Tərbiyəsiz tip: bunların ən böyük xüsusiyyətləri hər şeyə qarşı laqeyd və “cəsur” olmalarıdır. Hər bir söhbətlərdə və hər hadisələrdə zidd olmaları ilə tanınırlar. Müəllimlərə cavab qaytarır, qarşı çıxır,  hamıya lağ edir, özlərinə həddindən artıq güvənir,  kobud zarafat edirlər. Bu tiplər, əslində, duyğusal və əzgin olurlar, bu əzginliklərini kobud hərəkətlərlə ört-basdır etməyə çalışırlar. Çevrələrinə duyğusallıqlarını əsla bildirmirlər. Kobud danışır  və duyğusuz kimi görünməyə çalışırlar. Sinfin gözlədiyi davranışı göstərməli olduqları üçün əsla qorxduqlarını və kədərləndiklərini bildirmirlər. Görüşlərə belələrini mütləq dəvət edirlər, çünki onlar hamını güldürür və əyləndirir.

Qəmgin tip: heç bir mühitə uyğunlaşmayan, pessimist tiplərdir. Daima hər şeydən şikayət edirlər. Heç bir şeyi bəyənmir  və hər kəsdə bir qüsur tapırlar. Özlərinə qapalı  və düşüncələrini biruzə verməyən bu kəslərin, ümumiyyətlə, dostları çox olmur. Əyləndirici xüsusiyyətə sahib olmadıqları üçün bu tiplərə rəğbət edilmir.

Özünü bəyənmiş tip: bunlar, ümumiyyətlə, ailələri zəngin olan tiplərdir. Hər yerdə və hər zaman zənginlikləri ilə öndə olmaq istəyirlər. Mübahisələrdə, sinifdən sinfə keçərkən, danışıqlarında ailələrinin köməyi ilə işin içindən çıxmaq yolunu seçirlər. Mənliklərini ailələrinin sərvətində axtaran tiplərdir.

Oxuyan tip: özlərini müxtəlif fiziki qüsurlarına görə yoldaşlarından aşağı görürlər. Bu xüsusiyyətlərini gizlətmək üçün, xüsusilə, biliklərini göstərir və dərslərinə üstünlük verərək fərqlənməyə çalışırlar. Bəzən xüsusi mövzularda məlumatını artırıb diqqət çəkməyə çalışırlar. Motosikletlər, kino, elektronika, kompyuter, kolleksiya yığmaq və s. kimi. Hər yerdə bu mövzular haqqında söz açıb biliklərini göstərmək üçün fürsət axtarırlar.

Məktəb dövrü burada bir neçəsini saydığımız insan tiplərindən ibarət olan və adamlıq dininin dəyər mühakimələrinin zehinlərə işləndiyi bir dövrdür. Güldürən, zəngin, bir yerdə ikən özünü göstərə bilən adam olmaq kimi amillər bu dövrün ana dəyər mühakimələridir. Gənc insan digər insanları əxlaqi xüsusiyyətləri (məsələn, dürüstlüyü, səmimiyyəti, fədakarlığı və ən əhəmiyyətlisi imanı) ilə deyil, özünə təmin edə biləcəyi mənfəətlərə  görə qiymətləndirməyi burada öyrənir. Yaş irəlilədikcə də məktəbdəki güldürmək, əyləndirmək, özünü göstərmək kimi mənfəətlərdən daha da güclü meyarlar önə çıxmağa başlayır.

Səbəbini bilmədikləri qaydalara kor-koranə tabe olan insanların ağıl və vicdanları də geridə qalır  və bu xüsusiyyətlərin inkişaf edə biləcəyi ən məhsuldar dövrdə bunlar inkişafdan qalır.