Adamlıq dinindəki ortaq psixologiya və davranış formaları

3- Lağ etmək

Səmimiyyətsizliklə yanaşı, lağ etmək də adamlıq dini mənsublarının ortaq davranış pozuntularındandır. Quranda açıq-aşkar qadağan edilən lağ etməyin necə çirkin davranış olduğu bir ayədə belə bildirilmişdir:

Qeybət edib tənə vuran hər kəsin vay halına! (Hüməzə surəsi, 1)

Lakin adamlıq dinində birisinin fürsət tapdıqda heç çəkinmədən bir başqasına lağ etməsinə və onu hörmətdən salmasına mane olan heç bir qayda yoxdur. Əksinə, lağ edən adamın tərəfində olmaq hər kəs üçün daha xoşdur. Lağ etmək və hörmətdən salmaq üçün edilən hərəkətlərə bu nümunələri verə bilərik:

Bir qrupda səmimi olduğu insanlara qaş-gözlə işarə edərək digərlərinə lağ etmək, insanları alçaltmaq qəsdilə onların səhvlərini, qüsurlarını hamının yanında demək və bunlara lağ etmək, insanların fiziki xüsusiyyətlərinə lağ etmək.

Həmçinin lağ etmək və zarafatlarla insanları hörmətdən salmaq, baxış və mimikalarla insanları alçaltmaq, qarşısındakını hörmətdən salacaq tərzdə təqlid etmək, üslub, səs tonu və seçilən sözlərlə qarşı tərəfi əzməyə çalışaraq öz üstünlüyünü vurğulamaq, biri bir şey izah edərkən onu dinləməyib başqasıyla gülüşmək, eşidə bilmədiyi bir şəkildə onun haqqında pıçıldaşmaq kimi hərəkətlərə adamlıq dinində tez-tez rast gəlinir.

Həmçinin hamının yanında səhv hərəkət edən biri ilə ümumi şəkildə lağ etmək, sevmədiyi, əzmək istədiyi birini insanların çox olduğu yerdə hörmətdən salmaq da adamlıq dininin xüsusiyyətlərindəndir. Halbuki, lağ etmək, alçaltmaq, pis ləqəblər taxmaq Quranda şiddətlə qınanmış və qadağan edilmişdir:

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Hucurat surəsi, 11)

Mövzunun ardına keçid >>